Bakıda daha bir piyada keçidi inşa olunur. Ancaq bu keçid müasirliyi ilə digərlərindən fərqlənəcək. Keçidin uzunluğu 76 metr nəzərdə tutulub. Piyadalar keçid vasitəsilə həmin ərazidə olan Heydər Əliyev Parkına rahat keçə biləcəklər.
Paytaxt Bakıda müasir formada yeni piyada keçidi inşa edilir. Yerüstü piyada keçidi paytaxtın Xətai rayonunda, Neapol küçəsində tikilir. Artıq inşasına başlanılmış keçiddə müəyyən işlər görülüb.
İş icraçısı Füzuli Xurşudov deyir ki, bu keçid formasına görə Azərbaycanda ilk olacaq.
Keçid vasitəsilə piyadalar Neapol küçəsinin üzərindən keçməklə Heydər Əliyev parkına təhlükəsiz şəkildə giriş-çıxış əldə edəcəklər.
Qeyd edək ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən inşa edilən keçidin bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır.