Azərbaycan əsgəri avtobus sürücüsü tərəfindən təhqir olundu: “Səndən əsgər olar, əəə? Çəpişə oxşayırsan”.
Təxminən 1 saat əvvəl paytaxtda fəaliyyət göstərən 4 nömrəli avtobusda qəribə hadisə baş verib.
Hadisə şahidlərinin AvtoReyd.Az-a verdiyi məlumata görə, avtobusa bir əsgər daxil olub. Onun əlində xəstəxanadan aldığı müayinənin nəticələrini göstərən böyük bir paket olub. “Azadlıq” prospekti ilə “İnqilab” küçəsinin kəsişməsində yerləşən dayanacaqda düşərkən, sürücü əsgərin üstünə qışqıraraq, “ayə, general yol pulunu ver, niyə düşüb qaçırsan?”, kimi ifadələrlə Azərbaycan əsgərini aşağılayıb. Bu zaman əsgər əlini cibinə salaraq, “sən Allah, bağışla, fikrimdən çıxıb, götür pulu…” deyib.
Xoşagəlməz hadisə bir çox insanın gözü qarşısında baş verib. Bu zaman sürücü yenidən əsgəri lağa qoyaraq, “səndən əsgər olar əəə? çəpişə oxşayırsan” kimi təhqiramiz ifadələr işlədib. Fiziki baxımdan çox zəif olan əsgər dinməyib. Elə bu vaxt təxminən 23-25 yaşlarında bir qız sürücünün üstünə 5 manat pul tullayaraq, bunları deyib: “Ayə” sənsən, o əsgərdir, “ayə” deyil. Çəpiş də sənsən. 30 qəpiyə görə sənin namusunu qoruyan əsgəri niyə eşşək kimi çağırırsan? Al bu 5 manatı da sox gözünə, sənə 30 qəpik azdır”.
Sürücü isə “az, düş uç burdan, əcəb eləyirəm” deyərək , qıza tərəf qalxıb. Avtobusdan enən xanım sürücüyə belə cavab verib: “Hünərin varsa, düş aşağı, sənin cavabını verim”. Əsgər isə qıza onun müdafiəsinə qalxdığı üçün təşəkkür edib. İnsanların ona qarşı çıxdığını görən sürücü tez avtobusu sürərək, hadisə yerindən uzaqlaşıb.
Görəsən Azərbaycan əsgəri hesabına evinə çörək pulu aparan, ailəsi rahat yaşayan bu şəxs hansı haqla belə təhqiramiz ifadələr işlədir?