Avtoreyd.Az Gündəm Bulanıq suda balıq tutmaq taktikası

Bulanıq suda balıq tutmaq taktikası


AvtoReyd.Az oxucularına əksər sürücüləri narahat edən bəzi əndrəbadi yollarımız və həmin yollarda özlərinə məqsədli şəkildə məskən salmış yol polislərimizdən söz açmaq istərdim. Hamıya məlumdur ki, hər bir sürücü nə qədər çoxlu yoldan ötüb keçsə də, bütün yollara varıb, onların hamısına bələd ola bilməz. Məhz bu səbəbdəndir ki, yollarda müxtəlif istiqamətləri bildirmək üçün lövhələr asılır, həmin yollarda hərəkət qaydasını bildirmək üçün çeşidli yol nişanlarından istifadə olunur.

Gündəlik keçdiyimiz yollarda bu cür nişanlar olmadan da hərəkət etmək elə də çətin deyil. Amma di gəl ki, yaxşı bələd olmadığın yerdən və yoldan keçəndə, belə nişanlarsız hərəkət etmək xeyli problem yaradır. Xüsusən də böyük şəhərlərdə. Elə bu səbəbdəndir ki, hər bir ölkədə yol hərəkətinin təşkilinə, nizamlanmasına və nişanlanmasına cavabdeh olan bir sıra qurumlar fəaliyyət göstərir. Xatırladım ki, Bakı şəhəri üzrə yol hərəkətinin təşkili Bakı Nəqliyyat Agentliyiniə həvvalə olunub.

Ölkəmizdəki yollar keyfiyyət baxımından dünyada ön sıralarda qərar tutmasına baxmayaraq, bəzi yollarımızda yol hərəkətinin düzgün təşkil edilməməsi və yolların səhv nişanlanması bir çox qəza və nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bundan əlavə hazırda bu cür yollar, sürücülərin qorxulu yuxusuna, bu haldan sui-istifadə edərək onlara cərimə yazan bəzi yol polislərinin isə gəlir mənbəyinə çevrilib.

Belə yollara misal kimi Bakı şəhərindəki Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsini göstərmək olar. Uzun müddətdir sürücülərin şikayətinə və dəfələrlə mətbuatda tənqid edilməsinə baxmayaraq, həmin yerdə nişanlanmanın düzgün aparılmaması bu ərazidən keçən nabələd sürücülərin çaşqınlığına və səhv hərəkətinə səbəb olur. Elə bu zaman həmin ərazidə daim qıraqda durub avtomobilləri müşahidə edən yol polisi əməkdaşları sürücüləri saxlayıb, yol hərəkəti qaydalarını pozduqlarına görə cərimə olunacaqlarını bildirir… Hadisələrin sonrakı inkişafı da hamıya məlum ənənəvi sxem üzrə davam edir. Halbuki, qanunvericiliyə görə ərazidə xidmət edən hər bir yol polisi əməkdaşı avtomobillərin təhlükəsiz hərəkətinin təmin və təşkil edilməsində birbaşa məsuliyyət daşıyır. Onlar yol hərəkəti ilə bağlı hər hansı qüsur və problem aşkar etdikdə onu qıraqdan müşahidə etməli deyil, aradan qaldırmağa çalışmalıdırlar.

Ancaq məsələ bununla da yekunlaşmır. Ən acınacaqlı hal odur ki, sürücülərə yazılan bu cür əsassız cərimələrdən müvafiq yol polisi idarəsinə edilən şikayətlər də obyektiv araşdırılmır və adətən sürücülər günahkar çıxarılır. Çox vaxt formal araşdırma apararaq sürücüləri get-gələ salan polis məmurları güman edirlər ki, şikayətçilər uzun məhkəmə araşdırmalarına baş vurmaqdan çəkinərək, onların qərəzli araşdırmaları ilə barışıb, növbəti dəfə bu duruma düşəndə məsələni yerindəcə “ənənəvi yolla” həll edəcəklər.

Bu cür hallarla qarşılaşan sürücülərə şəxsi təcrübəmdən çıxış edərək tövsiyə edərdim ki, öz qanuni haqlarını müdafiə etməkdən çəkinməsinlər. Ola bilər bu proses uzun vaxt və zəhmət tələb etsin. Amma əmin olsunlar ki, sonda nail olacaqları nəticə onlara hədsiz qürur verib, özünəhörmət hisslərini artıracaq. Habelə ümid edirəm ki, vətəndaş sürücülərə əziyyət verib, onlar arasında kütləvi narazılıq yaradan bu cür üzdəniraq məmurlar barəsində rəhbərlikləri tərəfindən yaxın vaxtlarda lazımi tədbirlər görüləcək və sürücülərimiz düzgün nişanlanmış yollarda öz avtomobilləri ilə sərbəst şəkildə şütüyəcəklər.

Müəllif: Rasim Abdulla

Related Post