Avtoreyd.Az Gündəm Prezident qərar verib, Vergilər Nazirliyi isə susur….

Prezident qərar verib, Vergilər Nazirliyi isə susur….


Dünyanın bir çox ölkəsində olduğu kimi, son zamanlar Azərbaycanda da hibrid mühərrikli avtomobillərə maraq artır. Ekoloji cəhətdən də təmiz olan bu avtomobillər yanacaq qənaəti üçün də idealdır. Belə ki, hibrid mühərrikli avtomobil şəhər rejimində 4-5 litr yanacaq sərf edir. Ən əsas isə ətraf mühitə bu avtomobillər az ziyan vururlar. Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Gürcüstanda hibrid mühərrikli avtomobillərin daha ucuz və əlçatan olması üçün, ölkəyə idxalı zamanı gömrük rüsumunda 60% güzəşt tətbiq edilir.

Qlobal istiləşmə dünyanın ciddi probleminə çevrildiyi zamanda, Azərbaycanda da havaya xeyli miqdarda zəhərli tullantı buraxılır. Bu da həqiqətdir ki, havaya buraxılan zəhərli tullantıların əsas mənbəyi avtomobillərdir və bu problemin həllində ciddi rol oynayacaq məsələlərdən də biri, insanların daha çox elektromobillərə, hibrid mühərrikli maşınlara meyillənməsidir.

Bəs görəsən, Azərbaycan niyə hibrid avtomobillərin idxalını vergidən azad etməyə tələsmir?

2018-ci ildə prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”-nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Müəyyənləşən dövlət proqramında ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məsələsi də öz əksini tapıb. Eyni zamanda, Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib.

Amma konkret olan hansısa fəaliyyət və qərar görünmür.

Azərbaycana hibrid mühərrikli avtomobillərin ilk olaraq gətirlməsini həyata keçirən “Toyota Azərbaycan”ın nümayəndəsi Sabir Kazımzadə deyir ki, gömrük rüsumlarında güzəştlər vacibdir.

Onun sözlərinə görə, onlar da bu məsələ ilə bağlı dəfələrlər müxtəlif dövlət qurulmarı ilə danışıblar.

“Bilirsiniz, hibrid mühərrikli avtomobillər ekoloji cəhətdən çox önəmlidir və eyni zamanda yanacaqdan sitifadəni də xeyli miqdarda azaldacaq. Bununla bağlı cənab prezidentin imzaladığı sərəncam var, dövlət proqramı var. Biz də müxtəlif vaxtlarda dövlət qurumları ilə danışmışıq və onlar da bildiriblər ki, bu məsələnin üzərində işləyirlər. Burada daha çox iş dövlət qurumlarının üzərinə düşür. Bu biznes məsələsi deyil, ən çox ətraf – mühit üçün önəmlidir. Benzin və ya dizellə işləyən avtomobillər havaya daha çox zərərli tullantılar buraxır və bu sonradan insalarda, xüsusən, uşaqlarda ciddi tənəffüs problemi yaradır. Dövlət qurumları bu programın üzərində işləyib məsələnin həllinə nail olmalıdır və biz də mütəmadi olaraq bunu deyirik ki, gömrük rüsumunda güzəştlər tətbiq edilməlidir”, – deyə “Toyota Azərbaycan”ın nümayəndəsi Sabir Kazımzadə bildirib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də danışdıq.

Nazirliyin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyir ki, onlar da bu məsələ ilə bağlı xeyli işlər görür və görməyə çalışırlar.

Onun sözlərinə görə, onların bu sahədə fəaliyyəti təkcə hibrid mühərrikli avtomobillərin istifadəsinə təşviq etməklə bağlı deyil, eyni zamanda, dizel və ya benzinlə işləyən köhnəılmiş avtomobillərin də az istifadəsinə nail olmaqdır.

“Biz də düşünürük ki, hibrid mühərrikli avtomobillər əlçatan olmalıdır və onların ölkəyə buraxılması asanlaşmalıdır. Insanları bu yöndə təşviq etməliyik. Bununla bağlı dövlət proqramı var və biz də işlər görürük, təkliflər veririk. Bu avtomobillərin istismarının genişlənməsində maraqlıyıq. Biz bununla da yanaşı, çalışırıq ki, dizel və benzinlə işləyən köhnə avtomobillərində as istismarına nail olaq. Çünki havaya böyük miqdarda zəhərli tullantılar buraxırlar və buda ciddi ekoloji problemə səbəb olur”, – deyə Nazirliyin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

Məsələ ilə əlaqədar Vergilər Nazirliyi ilə əlaqə saxlamaq cəhdimiz isə boşa çıxdı. Problemin həllində əsas məsul olan bu qurum hələ də susur.

AvtoReyd.Az

Related Post