Avtoreyd.az bildirir ki, İstanbulda cümə axşamı yağan güclü yağış nəticəsində küçələri su basıb, ictimai nəqliyyatın fəaliyyəti iflic olub və uçuşlar ləğv edilib.
Rəsmilərin məlumatına görə, İstanbulun Atatürk beynəlxalq aeroportunda reyslər ləğv edilib, metropoliten xidmət göstərməyi dayandırıb. Həmçinin şəhər tramvayları da fəaliyyət göstərməyib.
Bir çox ev və ofis su altında qalıb. Yağan böyük dolu dənələri avtomobillərin və yaşayış evlərinin pəncərələrini sındırıb.
Bundan başqa, qoruyucu tədbirlər məqsədi ilə İstanbulun Asiya və Avropa hissələrini birləşdirən Bosfor boğazının altındakı tunel bağlanıb.
Həmçinin bildirilir ki, pis hava səbəbindən Heydərpaşa limanındakı böyük inşaat kranı çevrilərək, partlayış və yanğına gətirib çıxarıb. Kağıthane məhəlləsində isə ildırım çaxması nəticəsində yanğın baş verib.
Şişli bələdiyyəsi ərazisində isə qəbiristanlıq divarının uçması səbəbindən iki nəfər yaralanıb.
Bu artıq 10 gün ərzində ikinci dəfədir ki, güclü yağıntılar nəticəsində İstanbul xaosa qərq olur.