http://www.youtube.com/watch?v=X981TGCDAAY
Nəqliyyatın düzgün qurulması və idarə olunması, bu gün şəhər infrastrunun vacib məsələlərindən biridir. Lakin bu proseslərdə şübhəsiz ki, sürücülərin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bəs siz avtobus sürücülərindən razısınızmı? APA TV-nin “Avtoclub” layihəsinin növbəti buraxılışında bu məsələ ilə bağlı bir sıra suallara aydınlıq gətirilib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu gün Bakı şəhərinin inzibati ərazisində təxminən 57-58 marşrut xətti fəaliyyət göstərir: “Söhbət müntəzəm sərnişin daşımadan gedir. Gün ərzində təxminən 2100 avtobus xəttə buraxılır. Hazırda Bakı şəhərində BakuBus və bir-iki daşıyıcı istisna olmaqla, digər daşıyıcıların istifadəsində olan nəqliyyat vasitələrinin həm texniki vəziyyəti, həm sürücülərin peşəkarlıq səviyyəsi qənaətbəxş səviyyədə deyil”. M. Ağayev onu da qeyd edib ki, belə halların aradan qaldırılması ilə bağlı BNA, fəaliyyətinin ilk ilində yəni 2016-da,paytaxtın marşrut şəbəkəsi ilə bağlı yerli və xarici mütəxəssislərin iştirakı iləkompleks təhlillər aparılıb. Yekun olaraq strateji fəaliyyət planı hazırlanıb. Burada əsas məqsədmarşrut şəbəkəsinin müasirləşdirilməsi, yenilənməsi və vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin keyfiyyətlərinin artırılmasıdır. Artıq bu təkliflər Nazirlər Kabinetinə də təqdim olunub. Həmin təkiliflərdə avtobusların həm daxili, həm də xarici, eyni zamanda sürücülərlə bağlı olan məsələlər öz əksini tapıb. Sənəd təsdiqini tapacağı halda, BNA onun icrasına başlayacaq.
Azərbaycan Texniki Universitetinin dosenti Fərhad Eyyubov isə qeyd edib ki, ötən illərlə müqayisədə, hazırda ictimai nəqliyyatda vəziyyət yaxşılaşıb. O bunu həm BNA-nın məsələlərə təşkilati cəhətdən yanaşması, müəyyən addımlar atması, işlər görməsi, həm də Azərbaycanda bu sahədə xarici ölkələrin təcrübəsinə uyğun müəyyən sistemlərin tətbiq edilməsi ilə izah edib.
Mais Ağayevin fikirlərinə görə, bu gün Bakıətrafı kənd və qəsəbələrdən şəhər mərkəzinə gələn ictimai nəqliyyat vasitələri ilə bağlı vəziyyət BNA-nı da narahat edən ciddi məsələlərdən biridir. Lakin avtobusların istər daxili, istərsə də xarici ilə bağlı məsələlərə nəzarəti yalnız BNA həyata keçirmir. Bunun üçün Səhiyyə nazirliyinin müvafiq qurumları və DYP var: “Şəhərin müəyyən giriş hissələrində, Koroğlu metrostansiyasının yaxınlığında və paytaxtın Lökbatan istiqamətində nəqliyyatın mübadiləsi mərkəzləri yaradılıb. Paytaxta daxil olan ictimai nəqliyyat vasitələri həmin mərkəzlərdə cəmlənir və oradan da daha müasir avtobuslar, həmçinin metrostansiyalar vasitəsi ilə vətəndaşlar lazımi ünvanlara hərəkət edirlər. Şəhərətrafı kənd və qəsəbələrdə avtobusların texniki baxımdan vəziyyəti ürəkaçan deyil. Kifayətqədər problemlər mövcuddur. Daşıyıcılarla bu istiqamətdə iş aparılır. Başa düşürük, onların hər biri özəl sahibkarlıq subyektləridir, lakin burada söhbət əhaliyə göstərilən xidmətdən, vətəndaşların təhlükəsizliyindən gedir. Hər bir daşıyıcı anlamalıdır ki,onların biznes maraqları ilə bərabər, sosial məsuliyyətləri də var”.
Dosent Fərhad Eyyubov fikrincə məsələyə geniş diapazonda nəzər saldıqda, nəqliyyat insanların tələbatını ödəməyə yönəlib: “Avtobus daşımalarıda əvvəlki sektordan bir qədər fərqlidir. Çünki əvvəllər bu məsələ ümumi nəzarətdə, dövlət nəzarətində olub.Müəyyən maddi çətinliklər müşahidə ediləndə də, dövlət tərəfindən dotasiya verilirdi. İndi bunlar sahibkarlara, müxtəlif təşkilatlara tabe olduqları üçün, həmin təşkilatlar xidməti yerinə yetirdikdə ilk növbədə özlərini maddi cəhətdən təmin etməyi düşünürlər. Sərnişin daşımalarında keyfiyyət göstəriciləri bir neçə əlamətə görə fərqlənir. Birincisi, avtobusların dolma əlamətinə görə. Yəni avtobuslar həddən artıq dolmamalıdır. Bunun müəyyən göstəriciləri var ki, şəhərdaxili və şəhərətrafında nə qədər sərnişin daşınmalıdır. İkincisi, hərəkət müntəzəmliyi. Üçüncüsü, sərnişinlərin nəqliyyat vasitəsində getmə müddəti. Yəni vətəndaşlar vaxt itkisi ilə qarşılaşmamalıdırlar. Nəhayət dördüncüsü, hərəkətin təhlükəsizliyi təmin olunmalıdır. Bax bu dörd göstərici ictimai nəqliyyatda, həmişə özünü göstərməlidir”.
Mais Ağayev bildirib ki, BakuBus da daxil olmaqla, digər daşıyıcılar da kart sisteminə keçib. Ümumilikdə isə 17 marşrut xətti üzrə həyata keçirilən sərnişindaşımada kart sistemi tətbiq edilib: “Kart sistemi ilə çalışan marşrut xətlərinin sürücüləri sərnişinə artıq 20 qəpik gözü ilə baxmır, avtobusu da yalnız dayanacaqdan dayanacağa saxlayır, ötmə əməliyyatları həyata keçirmir, 8 saatdan artıq çalışmır. Çünki plan ödəmir.Kart sistemi tətbiq edilməyən marşrut xətlərində isə tamam başqa bir vəziyyət müşahidə olunur: səhər saat 6-danaxşam saat 12-nin yarısına qədər sükan arxasında eyni şəxs avtobusu idarə edir. Eyni zamanda da həmin şəxsdən sərnişinlərlə davranarkən etik qaydalara əməl etməsi tələb olunur. Əlbəttə, bu həmin sürücünün mənfi hərəkətlərinə haqq qazandırmır”. Mais Ağayev həmçinin BNA tərəfindən ötən ilin sonlarından başlayaraq Bakı şəhərində müntəzəm sərnişin daşımaya cəlb edilən bütün nəqliyyat vasitələrinə GPS sistemi quraşdırıldığını bildirib.
Bu gün Bakı şəhərinin inzibati ərazisində 1200 dayanacaq pavilyonunun olduğunu və onlardan 600-də avtobus informasiya terminalının quraşdırıldığını Mais Ağayev, təmsil etdiyi qurum tərəfindən monitorların fəaliyyətində də yenilənmə işləri aparıldığını söyləyib: “Hazırda monitorlar test rejimində çalışır. Onlardan 400-nə məlumatlar real vaxt rejimində ötürülür. Lakin bu test rejimi olduğu üçün müəyyən yalnışlıqlar mümkündür. Qısa müddət ərzində Bakı şəhəri ərazisində olan avtobus informasiya terminalları quraşdırılan 600 dayanacağın hər birində,sərnişinlər lazım olan məlumatı dəqiq şəkildə əldə edə biləcəklər”.
Fərhad Eyyubov,şəhərətrafı daşımalarda, şəhərdaxili daşımalardan bir qədər fərqli olaraq, sahibkarlarınməsələyə texniki yanaşma ilə deyil, iqtisadi yanaşma ilə baxdıqlarını söyləyib: “Çünki iqtisadi yanaşmada, maddi cəhətdən bir qədər fərqlənmə olur. Amma texniki yanaşmada müxtəlif göstəricilər texniki səviyyədə daha yüksəkdə durmalıdır. Ona görə də BNA maarifləndirmə işini elə aparmalıdır ki, sahibkarlar sərnişinlərə xidmət mədəniyyətinin, xidmət keyfiyyətinin həyata keçirilməsini dərk etməlidirlər”. Sərnişinlərlə sürücülər arasındakı münasibətlərə toxunan Fərhad Eyyubov bununla bağlı bir sıra vacib məqamlara aydınlıq gətirib: “Dəfələrlə problemsiz şəkildə marşrut xətti ilə hərəkət edən avtobusda bir dəfə mənfi hal yaşandıqda, o daha çox sərnişinin yadında qalır. Bu baxımdan da sərnişin daşımalarında təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir”
Bu gün ictimai nəqliyyatın əsas problemlərindən birinin peşəkar sürücü çatışmazlığı olduğunu deyən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev, peşəkar sürücü, ümumiyyətlə sürücü bazasının yaradılması, formalaşdırılması ilə bağlı BNA-nın konkret tədbirlər planı üzərində çalışdığını bildirib. O qeyd edib ki, bu addımı atmaqda əsas məqsəd sürücü-təlim mərkəzinin yaradılmasıdır. “Bu mərkəz BakuBus-un nəzdində var idi. Artıq BNA digər daşıyıcılara da bununla bağlı xüsusi məktub ünvanlayıb”.