İndi sizə təqdim edəcəyimiz görüntüdə qum daşıyan ağır tonnajlı yük avtomobilinin sürücüsü daşıdığı yükün yolda dağılmasına əhəmiyyət verməyərək, hərəkətə davam edir. Sosial şəbəkələrdə yayılan bu görüntü polis tərəfindən nəzarətə götürülüb və bunu edən sürücünün cərimələnəcəyi bildirib.
Magistral yolda yük avtomobilinin daşıdığı qum yola dağılır. Buna əhəmiyyət verməyən sürücü isə heç nə olmamış kimi yoluna davam edir. Bu görüntü ölkədaxili magistrallardan birində qeydə alınıb. 99 DR 071 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsünün etdiyi səhlənkarlıq görənlərin təəccübünə səbəb olub.
Baş dövlət yol polis idarəsinin şöbə rəisi Kamran Əliyevin ”Xəzər Xəbər” ə verdiyi açıqlamaya görə, bu görüntülərdə sürücü yol hərəkəti haqqında qanun 57-ci maddəsinin tələbini, yəni yükdaşıma qaydalarını pozub. Görüntülər əsasında İnzibati xətalar məcəlləsinin 327.1 maddəsinə əsasən, sürücüyə 40 manat miqdarında cərimə tətbiq ediləcək.
Kamran Əliyev bildirib ki, yük avtomobillərinin sürücüləri bu cür tezdağılan yükləri daşıyan zaman onların yerə dağılmamasına xüsusi nəzarət etməli və üzərinə örtüklə bağlamalıdırlar. Çünki bu cür məsuliyyətsizlik ətraf mühiti çirkləndirməklə yanaşı, həm də ağır yol nəqliyyat hadisələrinə gətirib çıxara bilər.