Bakıda iki məktəbin ətrafındakı səkilərdə və yolun hərəkət zolağında avtomobilləri park ediblər. Nəticədə həm yolda tıxac yaranır, həm də məktəbdən çıxan şagirdlərin şəxsi avtomobillərə minidirlib-düşürdülməsində problem yaranır.
Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtda yerləşən 189 və 190 nömrəli məktəblərdən gedir. Bu ərazidəki mövcud problemləri aradan qaldırmaq üçün Bakı Nəqliyyat Agentliyi Təhsil Nazirliyi ilə birgə həmin məktəblərin ətrafında nəqliyyat şəraitinin öyrənilməsi və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə araşdırma aparıb və əldə edilən nəticələr əsasında pilot layihə hazırlayıb. Araşdırma zamanı bu ərazidə xəbərdarlıq nişanlarının zəruri sayda olmaması, fiziki imkanları məhdud olan insanlar üçün əlverişli şəraitin qənaətbəxş olmaması, uşaqların şəxsi nəqliyyat vasitələrinə mindirilməsi və düşürülməsi üçün xüsusi ərazilər ayrılmaması, ətraf küçələrdə sürət həddinin nisbətən yüksək olması, məlumatverici nişanlar və məktəb ilə əlaqədar yol nişanlanmalarında çatışmazlıqlar ortaya çıxıb.
Layihəyə əsasən məktəb ətrafındakı qanunsuz parklanmalar ləğv ediləcək. Həmçinin əlilliyi olan şəxslərin sərbəst hərəkəti üçün şərait yaradılacaq. Bununla yanaşı, uşaqları mümkün qədər qəzalardan qorumaq üçün avtomobil yolu ilə piyada səkisi arasına məhəccərlər çəkiləcək. Parklanma yalnız məktəbin bir hissəsindən keçən Nigar Rəfibəyli küçəsində təşkil ediləcək. Məktəbə yaxın olan bütün ətraf küçələrdə sürət həddi 60-dan 40-a salınacaq. Əlavə olaraq da məktəb keçid növbətçiləri yollara cəlb olunacaq.
Qeyd edək ki, pilot təkliflər layihəsi Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasında baxılaraq təsdiq edilib. Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi işlərə başlayacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: