Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik olan Babək prospektində təmir-tikinti işləri sürətlə davam etdirilir. Artıq prospektin başlanğıc hissəsinin asfaltlanmasına başlanılıb. İşlərin payız aylarında başa çatdırılacağı planlaşdırılır
Yararsız asfalt örtüyü qaşınaraq yeni yol yatağı hazırlanır. Başqa bir tərəfdə kommunikasiya xətləri çəkilir.
Prospektin girişində isə bu işlər artıq başa çatdırılıb və asfaltlanma işlərinə başlanılıb. Görüntülər paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 km-ə yaxın olan Babək prospektindəndir.
Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyindən verilən məlumata görə, bu yoldan mütəmadi olaraq ağır tonnajlı avtomobillərin hərəkət etdiyini nəzərə alaraq prospektdə asfalt-beton örtüyü 3 lay olmaqla döşənəcək.
Prospekt boyunca təqribən istismar müddəti bitmiş 20 km uzunluğunda və müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənir.
Səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur.
Layihə çərçivəsində prospektdə yol nişanları və məlumatverici lövhələr, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılacaq. Dövlət Avtomobil Yolları Agentliyindən bildirildi ki, plana uyğun aparılan işlərin bu ilin 2-ci yarımilinədək yekunlaşdırılması nəzərdə tutulub.