Avtoreyd.Az Gündəm Bu yüz üç il ərzində o, nə qədər insan həyatını xilas edib! (fotolar)

Bu yüz üç il ərzində o, nə qədər insan həyatını xilas edib! (fotolar)

| | 0 Comments | 22:06

 

Onun yanından keçərkən, təşəkkür etməyi unutmayın…

İlk elektrik işıqforu  103 il bundan əvvəl 1914-cü il avqustun 5-də ixtira olunub.  Təcrübəli sürücü və ya avtomobil idarə etmək üçün yenicə sürücülük vəsiqəsi almağınızdan asılı olmayaraq, işıqforun tarixi haqqında maraqlı məlumatlar əldə etməyiniz sizin üçün  çox faydalı ola bilər.

İlk işıqfor necə olub?

Təsəvvür edin ki, işıqfor olmasaydı yollarda nə baş verərdi?  Bu faydalı ixtira üçün kimə təşəkkür etməliyik?

Bəşəriyyət tarixində ilk işıqfor 1868-ci ilin dekabrında Londonda parlament binası yaxınlığında quraşdırılıb. Bu ağıllı qurğunu dəmiryol nəqliyyatının hərəkətini nizamlayan cihazlarla yəni semaforlarla  məşğul olan Con Pik Nayt adlı  bir şəxs yaradıb.

Bu, iki semafor oxundan ibarət sadə konstruksiya olub. İlk işıqfor əl ilə idarə olunurdu. Üfüqi formada olan ox dayanmanı bildirirdi. 45 dərəcə bucaq altında yuxarı qaldırıldıqda isə ox  son dərəcə ehtiyatlı hərəkət etmək lazım olduğuna işarə edirdi. Gecələr oxlar müxtəlif rəngli qaz fənərləriylə əvəz olunurdu. Qırmızı işıq dayanmaq, yaşıl işıq isə hərəkətin davam etdirilməsi demək idi.

O dövrün işıqforlarının əsas məqsədi, yolun hərəkət hissəsindən keçən piyadaların işini asanlaşdırmaq və təhlükəsizliyini təmin etməkdən ibarət olub.

Elektrik işıqfor nə zaman yaradılıb?

1912-ci ildə, Amerikada Yuta ştatının sakini Lester Vayru sayəsində elektrik şəbəkəsindən enerji almaqla çalışan ilk işıqfor meydana gəlib.  Lakin həmin işıqfor patentləşdirilməyib. Yalnız iki il sonra Klivlenddən olan Ceyms Xoq adlı mühəndis müasir işıqforu xatırladan qurğunu yaradıb. O zamankı bu yenilikdən dərhal sonra  Klivlenddə  yüz beşinci küçə ilə Evklid prospektinin kəsişməsində yol hərəkətini  tənzimləyən dörd belə işıqfor quraşdırılıb. İşıq siqnallarından başqa onlar səsli siqnal da verə bilirdilər. İşıqfor yaxında tikilən şüşə köşkdən idarə olunurdu. Orada daim işıqforun fəaliyyətinə cavabdeh olan növbətçi keşik çəkirdi.

Üçrəngli işıqforlar isə 1920-ci ildə yaradılıb. Lakin dərhal da Nyu-York və Detroyt şəhərlərinin küçələrini bəzəyib. Onların yaradıcısı isə  Con F. Xarris və Uilyam Potts hesab olunur.

Avropa ilk işıqfor  Fransada quraşdırılıb. Bu, 1922-ci ildə baş verib. O zamandan etibarən Paris sakinləri yollarda bu unikal qurğuların fəaliyyəti əsasında hərəkət etməyə başlayıblar. İngiltərədə isə işıqfor 1927-ci ildə quraşdırılıb.

Keçmiş SSRİ-də ilk işıqfor Leninqradda (indiki Sankt-Peterburq şəhərində) quraşdırılıb. Bu, 1930-cu ilin yanvarında baş verib və Rusiyanın yol hərəkəti tarixində əhəmiyyətli hadisəyə çevrilib.

Gürcüstanın paytaxtı Tbilisidə ilk işıqfor 1932-ci ildə Rustaveli prospekti ilə Aleksandr Çavçavadze küçəsinin kəsişməsində quraşdırılıb.

Belarusda ilk işıqfor 1938-ci ildə paytaxt Minskın  Bobruysk  və Kirov küçələrinin kəsişməsində quraşdırılıb.

Ötən əsrin 20-ci illərinin ortalarında  demək olar ki, müxtəlif konstruksiyalı 50 növü işıqfor ixtira olunub. Attica Traffic Signal Company şirkətinin ixtirasını xüsusi qeyd etməyə dəyər. Onlar tərəfindən hazırlanan sistem, lampaların yanması yolu ilə starta qədər əks hesablama apara bilirdi. Yeri gəlmişkən, bu gün belə sxemdən avtoidmanda fəal istifadə olunur.

Müasir işıqfor necə düzəldilib?

Əgər düşünürsünüzsə ki, işıqfor vaxtaşırı olaraq işıq tablosunun dəyişdiyi sadə konstruksiyadır, onda böyük səhv edirsiniz. Müasir işıqforlar çox mürəkkəb bir qurğudur.

Bura daxildir:

çıraqları olan korpus,

yol siqnalizasiyası kontrolleri,

nəqliyyat vasitələrinin xüsusi sensorları

Bu gün işıqforlar avtomobil yolları boyunca və əsasən yol kəsişmələrində xüsusi dirək və sütunlarda quraşdırılır.

Bu səssiz hərəkət tənzimləyicisi kompüter tərəfindən idarə olunur, hansı ki, hərəkəti daim dəyişən yol vəziyyətinə uyğun olaraq müstəqil müəyyən edir və sinxronlaşdırır. Sensorlar dərhal  nəqliyyat vasitələrini qeydə alır, sanki onlara hamıya məlum olan  işıq siqnallarının köməyi ilə hərəkət ritmi verir.  

Böyük şəhər və meqapolislərdə işıqforlar şəhərin bütün nəqliyyat vasitələrinin hərəkətini idarə edən avtomatlaşdırılmış sistemlərdə birləşir.

Belə sistemlər olduqca mürəkkəb effektlər yarada bilir, məsələn, “yaşıl dalğa”.

Hərəkəti idarə edən bu nizamlayıcı vasitənin gələcək inkişafı artıq süni intellektin inkişafı sahəsinin öhdəsinə düşür. Vaxt gələcək nəqliyyat axınlarının bütün tənzimlənməsi prosesini insan müdaxiləsi olmadan məhz işıqfor həyata keçirəcək.

Maraqlı faktlar

“İşıqfor” termini Böyük sovet ensiklopediyasına 1932-ci ildə daxil olub.

Rusiyanın Novosibirsk  şəhərində də işıqforın şərəfinə abidə var. Heykəltəraşlıq kompozisiyası işıqfor və onu salamlayan avtomobil müfəttişindən ibarətdir.

Yaponiyada uzun müddət işıqforlarda yaşıl işığın əvəzinə göy işıqdan istifadə olunub. Lakin aparılan tədqiqatlar göstərib ki, insan gözü göy rəngi yaşılla müqayisədə daha pis qəbul edir. Buna görə də bu gün  Gündoğan ölkənin küçələrində elektron növbətçi vəzifəsini klassik işıqforlar yerinə yetirir.

Dünyada ən böyük işıqfor Londondadır. Kanar körpüsü yaxınlığındakı meydanda yerləşən bu abidə işıqfor ağacı formasındadır. Bu konstruksiya heç bir hərəkəti nizamlamır, sadəcə üç müxtəlif rəngli işığın yol xaosu üzərindəki qələbəsini simvolizə edir. Cəmi bir kompüter vasitəsi ilə idarə olunan və 75 cihazdan  ibarət bu işıqfor-abidənin hündürlüyü 8 metrdir.

Almaniyanın paytaxtı da həmçinin öz işıqfor  mühiti  ilə  seçilir. Berlində  adi iki-üçün siqnal əvəzinə 13 siqnalla işarə verən nizamlayıcı qurğu diqqət çəkir. Əlbəttə, bu cür işıqforun verdiyi işarələrlə istiqamət almaq həm sürücülər, həm də piyadalar üçün çox çətindir.

Berlindəki, işıqforlarda şlyapada olan adamcığaz təsviri yerləşir. Onun hətta adı da var — Ampelman. Almaniyanın paytaxtında Ampelmanın təsvir edildiyi suvenirlər də satılır. Almaniya birləşdikdən sonra işıqforlar dəyişdirilərkən  adamcığazın təsviri götürülür. Lakin bu,  Berlin sakinləri  arasında hiddət dalğası doğurduğundan, Ampelmanı geri qaytarırlar. Drezdendə hətta onun üçün rəfiqə də düşünüblər.  Bu, sarafada və hörükləri olan qız şəklindəki işıqfor adamcığaz obrazıdır.

Şimali Koreyada işıqfor  bir neçə il əvvəl quraşdırılıb. Belə ki, əvvəllər bu elektron qurğunun vəzifəsini tənzimləyici-qızlar yerinə yetirirdilər. Buna bənzər hadisəyə dünyanın heç bir yerində rast gəlinməyib. Elə bu səbəbdən də yolda vəziyyəti tənzimləyən koreyalı xanımlar  Koreya Xalq Demokratik Respublikasının diqqətəlayiq özünəməxsus özəlliklərindən biri hesab edilib.

Brazilyada, Rio-de-Janeyroda kriminoloji vəziyyət həyəcan doğurduğundan, axşam saat 10-dan səhər saat 5-ə qədər sürücülər mümkün soyğunçuluqdan qaçmaq üçün qırmızı işıqda keçə bilərlər.

Ola bilsin kimsə işıqforun  hansısa məhdudiyyət olduğunu fikirləşir. Lakin, düşünün bu yüz üç il ərzində o,  nə qədər insan həyatını xilas edib.

Bu tənzimləyicisiz hərəkət qarma-qarışıq və son dərəcə təhlükəli ola bilərdi. Onun yanından keçərkən, təşəkkür etməyi unutmayın…

Bir daha xatırladırıq ki, işıqforun qadağanedici siqnalı yalnız qırmızı deyil, həm də sarıdır. Sürücülər və piyadalar ancaq yaşıl işıqda hərəkət  edə bilər. Bu ən sadə qaydanı unutmayın, çünki yol iştirakçısı olduğunuz zaman sizin təhlükəsizliyinizi o təmin edir.

İşıqforun növləri

Ənənəvi olaraq işıqforu vizual siqnalizasiya  qurğusuna aid edirlər. Sirr deyil ki, bir neçə növ işıqfor var.

  • Avtomobil işıqforu: bu tip qurğuların ən geniş yayılmış növüdür. Bu da onunla izah olunur ki, avtomobil ən məşhur nəqliyyat növüdür. Qurğu üç rəngdən ibarətdir: qırmızı, sarı və yaşıl. Həmçinin, ikiseksiyalı xüsusi işıqforlar da mövcuddur: qırmızı və yaşıl rəngli. Bu qurğular öz funksiyalarını yol hərəkətinin ən inkişaf etdiyi xüsusi mürəkkəb yol hissələrində yerinə yetirir.
  • Ox şəkilli işıqforlar: bu qurğular standart rəngli işıqlardan başqa, xüsusi ox seksiyalarıyla da təchiz ediliblər. Onlar avtomobilin hərəkətini nizama salmaq üçün nəzərdə tutulublar.
  • Sayrışan işıqfor: hardasa, dəmir yolu keçidlərində quraşdırılan qurğulara bənzəyir. Belə qurğular adətən təhlükəli yol hissələrində tətbiq edilir. Məsələn, yolun hərəkət hissəsi ilə tramvay xətlərinin kəsişmələri, uçuş-eniş zolaqları və sair.
  • Tramvay işıqforları: tramvayların hərəkətini nizama salırlar.
  • Çay işıqforları: çay gəmilərinin hərəkətini nizama salırlar.
  • Dəmir yolu işıqforları: qatarların və elektrik qatarlarının hərəkətini nizama salırlar.
  • Velosiped işıqforları: velosipedçilərin hərəkətini tənzimləyirlər.
  • İdman işıqforlar: avtomobil idmanında geniş tətbiqi edilir.
  • Piyada işıqforları: yolun hərəkət hissəsindən keçən piyadaların istiqamətini nizama salırlar.

Qeyd etmək lazımdır ki, son zamanlar, bir çox işıqforlar, əsasən də piyada və avtomobillər üçün nəzərdə tutulanları, xüsusi taymerlərlə təchiz edilir.

Related Post

“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. AvtoReyd.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin