Bununla bağlı “qaynarinfo”ya danışan keçmiş namizəd bunları deyib: “Dedim ki, əminsən benzin vuruldu? Göstərciyə baxıb dedi ki, ”atıb”. Yəni aparat avtomatik dayanıb. Bu məsələni onlarla sürücü də mənə danışıb”. Razi Nurullayev daha sonra sosial şəbəkə hesabında “LUKoil – Azərbaycan” şirkəti haqda ittihamlara belə davam edib: “Hər dəfə bu barədə yazmışam, demişəm, mətbuat vasitəsilə müraciət etmişəm ki, bu şirkət oğurluqla məşğuldur. Bu barədə axtarış versəniz, onlarla məqalə çıxır. Şirkət niyə bir əncam çəkməyib? Əgər bu, xırda işçilər səviyyəsində baş versəydi, çoxdan həll olunardı. Bu, köklü və əsaslı bir korrupsiya faktı, vətəndaşların cibinə girib oğurluq etməkdir. Təəccüblənirəm ki, niyə aidiyyəti dövlət orqanları bu faktlara qarşı araşdırma aparmayıb, mətbuatda yazılanlara və açıqlamalara reaksiya verməyiblər? Mən bütün vətəndaşları ayıq-sayıq olmağa, öz haqlarını bu cür şirkətlərə yedirtməməyə çağırıram”.
“LUKoil-Azərbaycan”ın sosial şəbəkədəki səhifəsində də oxşar şikayətlər var. “Yeni Müsavat” əməkdaşı şirkətinin facebook səhifəsində prezidentliyə keçmiş namizədin üzləşdiyi situasiyaların YDM-lərdə baş verdiyini təsdiqləyən məlumatlarla tanış olub.
Məsələn 2018-ci il sentyabrın 2-də Cəlal Mahmudov soyadlı istifadəçi yazır: “6 ay öncə ”Şamaxinka”dakı “LUKoil” yanacaqdoldurma mərkəzində 6 AZN fırıldaq gəldiklərinə görə Lökbatan istiqamətinə gedən yoldakı “LUKoil” dan istifadə edirəm. Bu gün də orada 5 AZN aldatmaq istədilər, lakin alınmadı. Deməli, fırıldaq belə baş verir. Yanacaq çənini doldurmağı xahiş edirsən və nəticədə 5 AZN-lik vururlar. Səbəbini isə sizi səhv başa düşdüklərini bildirərək yanacağın davamını vururlar, lakin əvvəlki 5 AZN məbləği ekrandan silmədən bunu edirlər və nəticədə sizdən əldə etmədiyiniz yanacağa görə əlavə pul tələb olunur”.
Elvi Salahova soyadlı istifadəçi də şirkətin sosial şəbəkədəki rəsmi səhifəsində yazır ki, “Radiozavod” yaxınlığındakı YDM-də onu da aldadıblar, maşınına 10 litr kəm benzin vurublar.
Ehtiram Namazov soyadlı istifadəçi də “Şamaxinka”dakı YDM-də baş verən oğurluğun araşdırılması istəyi ilə şirkətin səhifəsində yazır: “Bu gün (2018-ci il, avqustun 30-da) bir saat əvvəl ”Şamaxinka”dakı məntəqədə yaxınlaşıb 30 AZN-lik 92 dedim vursun. Sizin Hidayət adlı əməkdaş guya bilməmiş kimi qurğunu işə saldı və guya “polnıy bak” istəmişəm deyərək üzümə baxdı. Halbuki gözünün içinə baxaraq ona 30 AZN demişəm, qəbz də vermədi. Guya ki, duz eşitmədi mən deyən məbləği. Kilometrajdan da görürəm ki, 30 manatlıq benzin vurulmadı maşına. Tədbir görün zəhmət olmasa”.
Zaur Məmmədov soyadlı istifadəçi isə elə həmin səhifədə yazır: “Yanacaq kəsilir. Hər dəfə. Özü də əhəmiyyətli dərəcədə. Dinləmək istəyən də yoxdur. Vurulan yanacağı kilometraja nisbətən hesablayanda belə çıxır ki, avtomobil 100 kilometrə 22-23 litr benzin israf edir”.
“LUKoil-Azərbaycan”ın rəsmiləri “Bütün şikayətlərlə bağlı 012/4974199 nömrəyə zəng edin” şəklində reaksiya verir.
Həmin nömrə ilə biz də əlaqə saxlamağa cəhd etdik. Lakin nömrə daim məşğul oldu. Şirkətin Bakıdakı baş ofisindən isə bildirdilər ki, vətəndaşların ittihamlarına sosial şəbəkə vasitəsilə verdikləri cavablarla kifayətlənirlər.
Həmin cavabı təqdim edirik: “Hörmətli müştərilər, son zamanlar internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə ”LUKoiL-Azərbaycan” QSC-yə məxsus olan yanacaqdoldurma məntəqələrində, müştərilərə xidmət göstərilərkən neqativ hallara yol verildiyi qeyd olunur.
Müştərilərin nəzərinə çatdırırıq ki, şirkətimizin istismar etdiyi bütün yanacaqdoldurma məntəqələrində, müştərilərin rahatlığı üçün rəqəmsal kameralar quraşdırılmışdır ki, istənilən halların araşdırılmasının effektifviliyini artırır. Bundan əlavə, bütün YDM-lərimizdə “10 litrlik” ölçü qabı (mernik) vardır və istənilən şəxs ondan istifadə edərək yanacaq paylayan kalonkaların xətasının olub-olmamasını yoxlaya bilər. Dərc olunan məqalələrdə olan səhv və əsassız məlumatların əksinə olaraq, ölçü qablarının yivinə toxunulması və ya ona hər hansı şəxs tərəfindən müdaxilə edilməsi mümkün deyildir. Ölçü qabları yalnız dövlət orqanlarının (Azərbaycan Metrologiya İnstitutu) mütəxəssisləri tərəfindən yoxlanılır, möhürlənir və bu barədə şəhadətnamə verilir. Yanacaqpaylayan kalonkaların rezin borularında yanacağın qalması və geri sovrulması texnoloji cəhətdən mümkünsüzdür.
Sizdən xahiş olunur ki, yanacaqdoldurma məntəqələrində hər hansı bir neqativ halla qarşılaşdıqda, internet saytları və sosial şəbəkələrə deyil, (012) 4974199 nömrəli “qaynar xəttə” müraciət edəsiniz. Əmin olacaqsınız ki, hər bir zəngə tərəfimizdən dərhal reaksiya verilir və araşdırılaraq ciddi tədbirlər görülür. Bizimlə əməkdaşlığınız, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə nail olmağımıza gətirib çıxaracaqdır”.
“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə sorğu ilə müraciət edib. Məsələnin araşdırılması və qanuni tədbir görülməsi nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin səlahiyyətləri çərçivəsindədir. Həmin xidmət bir neçə ay əvvəl ləğv olunub, əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Lakin hələlik təhvil-təslim prosesi gedir.