Bakı Nəqliyyat Agentliyi (BNA) məktəblərin qarşısında parklanma qaydalarını pozan sürücülərə qarşı maarifləndirici aksiya keçirib.
BNA-dan AvtoReyd.Az-a verilən məlumata görə, aksiya çərçivəsində şəhərin mərkəzi hissəsindəki orta məktəblərin qarşısında dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə dayanma-durma qaydalarına əməl etməyin vacibliyini bildirən broşürlər paylanılıb, məlumatverici söhbətlər aparılıb.
BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, bəzi valideynləri uşaqlarını məktəbə gətirərkən yanlış olaraq nəqliyyat vasitəsini yolun hərəkət hissəsində və yaxud məktəbin qarşısında saxlayırlar, bu da digər hərəkət iştirakçılarına mane olur:
“Qaydaları pozan şəxslərə qarşı inzibati tənbeh tədbirləri görülməlidir və bu tədbirlər görülür. İnsanları bir-birinə qarşı anlayışlı olmağa sövq etməliyik və bu da maarifləndirmə yolu ilə mümkündür”.