Avtoreyd.Az Gündəm Öz hüquqlarınızı bilin, bəzi yol polislərinin tələsinə düşməyin – VİDEO

Öz hüquqlarınızı bilin, bəzi yol polislərinin tələsinə düşməyin – VİDEO


AvtoReyd.Az-a yazılan məktubu sizə tam, redaktə olunmayan halda nəzərinizə çatırırıq:

“Əvvəlcədən xatırladım ki,hadisə ötən il Gəncə şəhəri Atatürk küçəsidə baş verib. Sürücülərə məsləhətim budur ki, öz hüquqlarını bilsinlər, bəzi yol polislərinin tələsinə düşməsinlər. Elə mən də keçən ilin yayında bu cür tələyə düşmüşəm və yalnız bu il güclə canımı qurtara bilmişəm. Belə ki, həmin vaxt yaxşı bələd olmadığım yolda avtomobilimlə hərəkət edərkən, ağac budaqları tərəfindən qarşısı kəsilən işıqforu görməyərək, onun qırmızı işığında yolayrıcına daxil oldum. İşıqforu görəndə isə artıq gec idi, digər avtomobillərə maneə yaratmamaq üçün hərəkətimi ehtiyatla davam etdirib, yolayrıcından çıxdım. Elə bu zaman orada durub gözləyən yol polisləri məni saxlayıb, qaydanı pozduğumu bildirdilər. Mən vəziyyəti izah etsəm də, nəticəsi olmadı. Onda, protokol yazılmasını amma qərar çıxarılmamasını xahiş etdim. Elə də oldu və mən həmin gün protokoldandan şikayət verdim. Şikayətimin araşdırılması üçün çağırıldığım yol polisində mənim günahımı sübut edəcək hər hansı bir (foto və ya video) əsasın təqdim edilməsini istədim. Amma orada, əllərində bu cür əsaslarının olmadığını bildirdilər, bununla belə araşdırma aparmadan təqsirkar olduğum barədə qərar qəbul etdilər. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyə məcbur oldum. Bəxtimə ədalətli bir hakim çıxdı və barəmdə tərtib edilən protokol əsasında çıxarılan inzibati tənbeh vermə haqqında qərar ləğv edildi. Təəssüf ki, məsələ bununla da bitmədi. Bütün bu araşdırma və məhkəmə prosesi, aylarla vaxt apardığından, mənə yazılan əsassız cərimənin üzərinə dəbbə pulu gəlməyə başladı. Belə ki, qanuna görə cərimə müəyyən olunmuş vaxt ərzində ödənilmədiyi təqdirdə avtomobil saxlanıla və idarə etmək hüququ məhdudlaşdırıla bilər. Bundan sui-istifadə edən bəzi yol polisləri istər məhkəmə gedən vaxt, istərsə də məhkəmə qərarından sonra dəfələrlə məni saxlanılaraq, avtomobilimə həbs qoyulduğunu bildirmişlər. Mən isə bəzən səhər, bəzən axşam, bəzən ailəvi istirahətə gedən zaman uzun-uzadı dayanıb onlarla mübahisə etməli olmuşam, avtomobilimin cərimə meydançasına aparılmaması üçün əsəb gərginliyi keçirmişəm. Qəribə burasıdır ki, dəfələrlə aidiyyəti orqanlara həm şəxsən gedərək, həm də poçtla rəsmi qaydada müraciət edərək müvafiq məhkəmə qərarının surətini və hətta əslini onlara təqdim etmişdim. Bununla belə həmin cərimə aylarla sistemdən silinməmiş, mənə olmazın əziyyəti verilmişdir. Əziz sürücülər, sizə sözüm budur ki, hüququnuzu bilin və əziyyətli olsa da, onun uğrunda mübarizə aparın. Bir daha sizə xatırladıram ki, qanuna görə yol hərəkətini tənzimləyən texniki vasitələr, işıqforlar, yol nişanları gecə və gündüz 100 metr məsafədən aydın görünməlidir. Görünməz nişan sürücünü məsuliyyətdən azad edir. Bundan əlavə, məlumunuz olsun ki, qanunvericiliyə görə ərazidə xidmət edən yol polisi əməkdaşı hər gün növbəyə çıxarkən xidmət ərazisindəki bütün texniki vasitələrə baxış keçirməlidir. Bu zaman aşkar olan bütün qüsurlar barəsində öz rəhbərliyinə məlumat verməlidir ki, onlar dərhal aradan qaldırılsın. Yuxarıda deyilənlərdən göründüyü kimi, nə mənə cərimə protokolu yazan yol polisi müfəttişi, nə şikayətimi araşdırmalı olan polis orqanı, nə də ki, məhkəmə qərarına əsasən cəriməni sistemdən silməyə cavabdeh olan yol polisi əməkdaşları öz vəzifə borclarına və məsuliyyətlərinə lazımınca əməl etməmişlər. Əziz sürücülərdən, vətəndaşlara aylarla zülm edən bu cür məsuliyyətsiz məmurlara ürək sözlərini yazmalarını xahiş edirəm.”

Xatırladaq ki, bu məktubu bizə Rasim Abdulla adlı oxucumuz  ünvanlayıb. İstənilən halda qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

AvtoReyd.Az

Related Post