Avtoreyd.Az Gündəm Nərimanov DYP əməkdaşından məsləhət: “Məsələni Elvinlə həll elə”

Nərimanov DYP əməkdaşından məsləhət: “Məsələni Elvinlə həll elə”


Mütəmadi olaraq Yol Hərəkət Qaydalarından danışır, sürücüləri onlara əməl etməyə çağırırıq. Görəsən, məsələyə nəzarət edən qurum, üzərinə düşən vəzifə borcunun öhdəsindən yetərincə gələ bilirmi?

Bugünlərdə AvtoReyd.Az -a Arif adlı oxucumuzdan şikayət daxil olub. Müraciətində vətəndaş, Nərimanov rayon Yol polis əməkdaşının ona qarşı qərəzli mövqe nümayiş etdirdiyini bildirib. Biz də öz növbəmizdə bu məsələni işıqlandırmağa qərar verdik.

Hadisə cari ilin mart ayının 22-də baş verib. Həmin gün saat 19-20-də o, “Mercedes” markalı avtomobillə Ziya Bünyadov prospekti ilə üzü Qara Qarayev prospekti istiqamətində hərəkət edərkən, dövlət nömrə nişanı 99 YP 265 olan DYP avtomobilindən saxla əmrini alıb. Sürücünün sözlərinə görə, o, qaydalara uyğun olaraq dönmə işıqlarını yandırıb və avtomobili sağ tərəfə çəkərək, dayanıb.

“Özünü YPX-nın çavuşu kimi təqdim edən Elvin Nuriyev sənədlərimi tələb etdi. Səbəbini soruşduqda, əvvəlcə avtoxuliqanlıq etdiyimi, sonra isə manevr qaydalarını pozduğumu dedi. Heç bir qayda pozmadığıma əmin olduğum üçün sübut tələb etdikdə isə sənədləri əlimdən alaraq, mənə avtomobilimi öz arxasınca sürməklə bağlı göstəriş verdi. Bir sözlə, gəldik Ziya Bünyadov ünvanında yerləşən cərimə meydançasına. Daha sonra məni avtomobilinə dəvət edərək, telefonunda kiminsə manevr qaydalarını pozduğu əks olunan videonu göstərməyə başlayanda dedim ki, bu mənim avtomobilim deyil. Bu zaman Elvin Nuriyev söylədi ki, darıxma, o videonu da göstərərəm. Sonra komandirinə zəng edərək, telefonun selektorunu qoşdu. O da mənə: “Sən hara tələsirsən belə?”-,deyərək sual verdi. Bir sözlə, mənə qayda pozduğumu əks edən videogörüntünü göstərəcəyini vəd edən çavuş, “sənə zəng edib görüntü göstərəcəklər və köməklik edəcəyəm” söyləyərək, el dil ilə desək “aradan çıxdı”.

Cərimə meydançasında bir neçə saat gözlədikdən sonra oranın əməkdaşına zəng gəldi və o da mənə dedi ki, sabah saat 11-də Nərimanov YPX-da olum. Bununla razılaşmadığıma görə DİN-nin 102 saylı qaynar xəttinə zəng vurub, məlumat verdim. Növbəti gün dediklərindən də erkən, saat 09-30-da Nərimanov DYP-nə gəldim, orada Bahadır müəllim adlı şəxsə yaxınlaşdım. Uzun söz-söhbətdən sonra avtomobilimin cərimə meydançasından çıxarılmasına icazə verildi, lakin sürücülük vəsiqəm adı çəkilən şəxsdə, yəni Bahadır müəllimdə qaldı.

Telefonla Elvin Nuriyevlə əlaqə saxladıqda isə o, mənə saat üçdə zəng vurmağımı söylədi. Deyilən saatda onunla əlaqə saxladıqda bildirdi ki, saat 8-də idarəyə gəl və sənə görüntünü təqdim edəcəm. Söylənilən vaxtda deyilən ünvana gəldikdə, yenə də heç bir görüntü göstərmədi və dedi ki, sabah gəl sürücülük vəsiqəvi geri verəcəm və sənə protokol tərtib edəcəm. Xatırlatdım ki, görüntü göstərməyənə kimi protokol yazma, o da razılaşdı. Növbəti gün saat 10-da zəng vurub, gəldiyimi söylədikdə, mənimlə əlaqə saxlayacağını dedi. Bir neçə dəqiqədən sonra özü zəng edərək bildirdi ki, sürücülük vəsiqəmi götürə bilərəm. Bahadır müəllimə yaxınlaşdıqda, sürücülük vəsiqəmi geri qaytararkən xəbərdarlıq etdi ki, cərimə haqda bildiriş gələcək, ödəyərsən. Soruşanda ki, bəs görüntü hanı, cavabı belə oldu: “Bunu Elvinlə həll elə“.

Sürücülük vəsiqəmi alıb, idarədən təzə çıxmışdım ki, mənə sms gəldi. SMS-də İXM-nin 327.1 maddəsinə uyğun olaraq, İXP 2453107 nömrəli qərarlı protokol haqda məlumat qeyd olunmuşdu. Bununla razı olmadığım üçün, DİN Baş DYP İdarəsinin rəisi, polis general-mayoru cənab Zeynalov Ramiz Məhəmmədəli oğluna onlayn müraciət ünvanladım.

Verilən səlahiyyət həddini aşıb, üç gün vətəndaşı işindən-gücündən edən bu çavuş düşünürəm ki, Yol Polisinə ləkə yaxmaqla yanaşı, gördüyü işə də kölgə salır. Dövlət vəsait ayırıb, maddi texniki baza yaradıb ki, sürücünü bu qədər incitsinlər? Maraqlıdır, özünü çavuş kimi təqdim edən Elvin Nuriyevə kim verib bu səlahiyyəti? Və ya, idarədə oturan Bahadır müəllim, “məsələni Elvinlə həll elə” deyəndə, nəyi düşünürdü? Bəlkə Nərimanov Rayon Polis İdarəsinin Yol Polis Şöbəsinin rəhbərinin bu barədə xəbəri yoxdur?
DİN Baş DYP İdarəsinin rəisi, polis general – mayoru cənab Ramiz Zeynalova ünvanladığım məktub əsasında, ədalətli qərar veriləcəyinə inanıram”.

Biz də AvtoReyd redaksiyası olaraq sürücülərimizə, bu kimi süründürməçilik və səlahiyyət həddini aşma faktlarının təkrarlanmaması üçün öz hüquqlarını bilmələrini tövsiyə edirik. Xatırladaq ki, vətəndaşa qarşı bu cür davranan qurum (indiki halda DYP) kifayət qədər maddi-texniki baza ilə təchiz edilib və irəli sürülən iddia, video və ya foto vasitəsi ilə təsdiqini tapmadığı halda, sürücünün DYP əməkdaşına nəyi isə sübüt etməyinə ehtiyac yoxdur.

AvtoReyd.Az

Related Post