Avtoreyd.Az Avtoklub MDB məkanında istehsal edilən avtomobillərin texniki baxışı necə olacaq?

MDB məkanında istehsal edilən avtomobillərin texniki baxışı necə olacaq?


MDB məkanında istehsal edilən avtomobillərin texniki baxışı necə həyata keçirilməlidir? Avtomobil sahibləri, sürücülər bunun üçün nə etməlidirlər? APA TV-nin “Avtoclub” layihəsinin növbəti buraxılışında bu məsələyə aydınlıq gətirilib.

Avtomobil sahəsi üzrə mütəxəssis Qurban Məmmədovun sözlərinə görə, nəqliyyat vasitələrinin texniki baxış zamanı əksər sürücülərimizə bəlli ola bilən hissələr var ki, həmin hissələrə xüsusi baxış keçirilməlidir: “Bura avtomobillərin şinləri, əyləc sistemləri, sükan idarə olunma mexanizmləri, yanğınsöndürən və dərman qutusu daxildir. Bunlara xüsusi diqqət yetirilir. Ən əsas məqamlardan biri də sürücünün yalnız özünü və avtomobilini düşünməsi deyil. Eyni zamanda avtomobil idarə edən şəxs anlamalıdır ki, həmin nəqliyyat vasitəsində olan nasazlıq yol polisi tərəfindən müəyyən edilərək, aradan qaldırılması ilə bağlı göstəriş verilir. Buna əməl etməklə sürücü həm özünün, həm də piyadaların təhlükəsizliyini təmin etmiş olur”.

Texniki baxış zamanı əsasən nəyə diqqət yetirilir sualını cavablandıran Qurban Məmmədov, hazırda nəinki MDB-də, ümumilikdə avtomobil istehsalı ilə məşğul olan bütün dövlətlərin üzərində bir məsuliyyət olduğunu vurğulayıb: “Avtomobildən xaric olunan tüstünün tərkibindəki zərərli maddələrin minimum səviyyəyə endirilməsi. Belə ki, avtomobillərə xüsusi olaraq quraşdırılan sistemlər var ki, nəqliyyat vasitəsindən xaric olunan tüstünün tərkibindəki zərərli maddələrin miqdarını azaldır. Hazırda texniki baxışdan keçəcək avtomobillərdə bu qlobal bir problem olaraq qalmaqdadır. Məsələn, minik avtomobillərində bunun miqdarı 3,5 faiz, yük avtomobillərində isə 2 faiz nəzərdə tutulub.  Lakin bu gün əksər avtomobillərin texniki baxışı zamanı, havaya buraxılan  tüstülərin tərkibində zərərli maddələrin miqdarı normadan iki və ya üç dəfə artıq olur. Bu nədən asılıdır? Standart olaraq götürsək, ən azından mühərrik yağlarının keyfiyyətsizliyindən və ya vaxtı keçmiş yağdan. Həmin yağ sərf olunduqca, avtomobildən havaya əlavə tüstü xaric olunur. Texniki baxış məntəqəsində müayinə zamanı, xaric olunan tüstünün miqdarı bir qədər normaya yaxın olsun deyə, yaxşı olar ki, texniki baxışdan öncə sürücülər avtomobilin mühərrikinin yağını dəyişsinlər”.

Qurban Məmmədov MDB istehsalı olan avtomobillərin səs və işıq siqnallarına da toxunub: “Avtomobilə xas olmayan səs siqnallarından və ya ucuz satılan keyfiyyətsiz işıq lampalarından istifadə edilməsin. Bundan başqa sürücülər, avtomobil şinləri aldıqları zaman protektorların arasında olan xüsusi qoruyucuya da fikir versinlər. Çünki avtomobil şinləri  nəqliyyat vasitəsinin hərəkətində çox böyük rola malikdir. Qeyd edək ki, minik avtomobillərində texniki baxış keçirilən zaman təkər protektorlarının normativi 1,6 mm olarsa, texniki baxışdan maneəsiz keçir”.

Nəqliyyat vasitəsinin texniki baxışan keçirilməsinin müsbət və mənfi tərəflərindən bəhs edən mütəxəssisin sözlərinə görə, Rusiyada istehsal edilən avtomobillərə diqqət yetirsək, onların üzərində qanunsuz şəkildə avadanlıqların quraşdırıldığının şahidi olarıq: “Məsləhət odur ki, bu kimi addımlar atılarkən, avtomobilə onun özünə aid hissələr quraşdırılsın.  Çünki bu,  nəinki avtomobilin hərəkətində, eyni zamanda qəza zamanı da bir sıra problemlər yarada bilər. Əyləc sistemlərinə də diqqət yetirilməlidir. Yaxşı olar ki, avtomobilin şinləri dəyişdirilərkən,  eyni modeldən olan yeniləri ilə əvəzlənsin. Çünki bəzi yerlərdə köhnə şinlərin şporlarını təmizləməklə yenisi adı ilə satırlar. Lakin yadda saxlamaq lazımdır ki, təmizləmə zamanı avtomobilin özəy şini yonulur. Bu isə isti havalar zamanı şinin bir qədər yayılmasına səbəb olur. Nəticədə, avtomobilin hərəkətində müəyyən fəsadlar yaranır. Əl əyləci sistemindən hər 5 sürücüdən biri istifadə edir. Halbuki bu çox vacib məsələlərdən biridir”.AvtoReyd.Az

http://www.youtube.com/watch?v=8tyPSb5ah4Y

Related Post