“Porsche” markalı avtomobil ilə iki uşaq anasını vuraraq, öldürən yeniyetmə niyə görə cinayət məsuliyyətinə cəlb edilmədi? Bunun səbəbi qanunlardakı boşluqlarda, yoxsa insan faktorundadır? APA TV-nin “Avtoclub” layihəsində bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb.
Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə ə gər hadisə baş verən gün, həmin uşağın 16 yaşı yox idisə, onu heç kəs cinayət məsuliyyətinə cəlb edə bilməz: “Bizim Cinayət Məcəlləsi konkret olaraq buna imkan vermir. Yol Nəqliyyat Haqqında qanuna görə məsuliyyətə cəlb olunma yaşı 16-dır. Bu yaş həddinə çatmayan şəxsin avtomobil idarə edərkən Yol Hərəkət Qaydalarını pozması nəticəsində kimisə öldürməsi cinayət məsuliyyətinə səbəb olmur. Qanunvericilikdə bununla bağlı hardasa 2002-ci ildən qüvvədə olan yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar haqqında, həmçinin qapalı və yaxud da açıq tipli təlim-tərbiyə müəssisələrinin əsasnamə var. Hətta qanunvericilkdə nəqliyyat vasitəsini onu idarə etməyə hüquqi olmayan şəxsə vermək və yaxud da deyək ki, sərxoş vəziyyətdə olan adama vermək, nəticədə belə ağır yol nəqliyyat hadisəsinin baş verməsinə görə də ümumi cinayət məsuliyyəti yoxdur. Bu inzibati xəta kimi qəbul olunur”.
Ərşad Hüseynov onu da vurğulayıb ki, əgər sübut olunsa ki, avtomobil sahibi nəqliyyat vasitəsini həqiqətən də bilərəkdən qəza törədən şəxsə verib, buna görə cəmi 180 manat cərimə nəzərdə tutulub: “Cinayət Məcəlləsinin 263-cü maddəsinə nəzər salsaq, orada qeyd olunub ki,yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaq filan nəticələrə səbəb olduqda, cinayət məsuliyyəti yaradır. 18 yaşına çatmayan şəxs yalnız səfərbərlik və həqiqihərbi xidmətə çağırış üzrə dövlət qurumu tərəfindən xüsusi göndərişi əsasında təhsil alaraq, sürücülük vəsiqəsi ala bilər. Burada da məqsəd ondan ibarətdir ki, həmin şəxs və ya şəxslər 18 yaşında hərbi xidmətə yollananda, artıq hazır sürücü olsun. O da hər adama şamil olunmur”.
Hüquqşünas hesab edir ki, cəmiyyətimizdə təhlükəli məqamlara bəsit yanaşmalar var ki, bu da ortastatistik dünya görüşümüzün zəifliyindən irəli gəlir. “Nəzarət dedikdə, 180 manat cərimə olundu!İmkanlı şəxs olduğu üçün 180 manat olmasın, 1800 manat olsun. Nə faydası var? Beləliklə də bu hal davam edəcək. Digər bir məsələ, həmin yeniyetmə indiyə qədər idarə etdiyi avtomobillə saxlanılsaydı, bilirsiniz cəriməsi nə qədər idi? Cəmi 100 manat! Hətta onu, 16 yaşına çatmadığı üçün cərimələmək də mümkün deyil. Cərimə valideyninə tətbiq edilə bilər, o da 60 manat. Məsələ də bununla bitir. Əgər hadisə güclü nəzarət olan yerdə baş versəydi,belə avtomobil nəzarətə götürülərdi. Cinayət Məcəlləsinə görə, əgər həmin şəxs 16 yaşına çatmayıbsa, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Əgər yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın təqdimatı olarsa, o yeniyetmə, uzaqbaşı məhkəmə qərarı ilə göndərilə bilər qapalı tipli təlim-tərbiyə müəssisəsinə, çünki ağır cinayətdir. Orada qalma müddəti də maksimum 3 ildir”.
Qarşı tərəfə ödəniləcək maddi təzminat məsələsinə münasibət bildirən Ərşad Hüseynovun sözlərinə görə əgər nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası var idisə, o sığorta həmin şəxsə, onun yaxınlarına, varislərinə 5 min manat məbləğində maksimal vəsait şəklində ödənilir.
Hüquqşünas sonda onu da qeyd edib ki, hadisəni ümumiləşdirəndə məndə belə bir təəssürat yaranır ki, məsuliyyətli valideyn, maddi imkanından asılı olmayaraq, cəmiyyətin bir üzvü kimi, heç vaxt yetkinlik yaşına çatmayan övladına avtomobil verə bilməz.