Avtoreyd.az bildirir ki, Dubayda fəaliyyətə başlayan robot-polisin boyu 170 santimetr, çəkisi isə 100 kiloqramdır. “Emosiyalar detektoruyla” təchiz edilən robot-polis, 1,5 metrə qədər olan məsafədən edilən əl jestlərini və verilən işarələri, həmçinin həmsöhbətinin üz ifadəsini və emosiyalarını da ayırd edə bilir.
Robot Dubay küçələrində patrul keşiyi çəkməklə yanaşı, nizam-intizam qaydalarını pozanları tapmağa və onların videogörüntülərini polisə ötürməyə kömək edəcək. Dubay polisindən bildiriblər ki, robot cinayətlə mübarizə aparmaq və şəhərdə təhlükəsizliyə cavabdeh olmaqla yanaşı, küçələrdə və həmçinin ictimai yerlərdə insanlara kömək də edəcək.
Daxilində quraşdırılan naviqator sayəsində robot, tələb edilən səmti müəyyən etmək qabiliyyətinə malikdir. İngilis və ərəb dilləri də daxil olmaqla altı dildə ünsiyyət saxlaya bilən robot-polisin köməyi ilə insanlar, polisə olan xidmət haqqını ödəmək imkanı də əldə edəcəklər.
O, artıq şəhər ticarət mərkəzlərindən birində öz vəzifələrinin icrasına başlayıb, lakin tezliklə küçələrdə də xidmət göstərəcək. Əlbəttə, bu robot Detroyt polisindən olan məşhur Robokop kimi sərt görünmür. Hətta, gözəl vərdişlərə də malikdir, məsələn, insanın əlini sıxa və ya hərbi şəkildə salamlaşa bilir.