Avtoreyd.az bildirir ki, alimlər müəyyən edib ki, yarım il əvvəl Niderlandda anbarın damına düşən daş, sən demə 4,5 milyard yaşlı meteoritdir. Bu haqda Dutch News portalı xəbər yayıb.
Səmadan düşən yarımkiloluq daş parçası bu ilin yanvar ayının 11-də Bruk kəndində (Şimali Hollandiya əyaləti) anbarlardan birinin damını deşib. Anbar sahibləri onu növbəti gün aşkar etdikdən sonra Leydendəki Təbiətşünaslıq muzeyinin mütəxəssislərinə verib.
Tədqiqatdan sonra ekspertlər bildirib ki, kəndə düşən meteorit, təxminən 4,5 milyard il əvvəl yaranmış Günəş sistemi ilə həmyaşıddır.
“O, Mars və Yupiter planetləri arasında olan yerdən gəlib. Bu sahə kosmik zibil və mikroplanetlərlə doludur”,-geoloq Leo Kriqsman məlumat verib.
Muzey, meteoriti sahiblərindən pul müqabilində almağa ümid edir. Onun bazar qiyməti isə min avrodur.
Bu, Niderlanda düşən qeyd alınmış sayca altıncı meteoritdir. Bununla belə, alimlər güman edir ki, kosmik mənşəli obyektlər ölkə ərazisinə orta hesabla hər iki-üç ildən bir düşür, amma çox vaxt aşkar edilməmiş qalır.