BNA-dan AvtoReyd.Az-a verilən məlumata görə, agentliyin mütəxəssisləri beynəlxalq məsləhətçi şirkət “GEMMS Group”un əməkdaşları ilə birgə ərazidə rahat, təhlükəsiz və maneəsiz hərəkəti şərtləndirən bütün məqamlarla bağlı müfəssəl təhlillər aparıb.
“Hazırda layihə çərçivəsində aparılan nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi də məhz bu təhlillərin nəticəsinə uyğun olaraq icra edilir. Nişanlanma və yol-cizgi xətləri şəhərimizin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilir. Belə ki, paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq burada svetaforlarla nizamlanan piyada keçidləri qanunvericiliyin tələblərinə uyğun olaraq qırıq xətlərlə işarələnib. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılacaq”, – deyə məlumatda qeyd olunub.
“Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi mümkün olacaq. BNA-nın təşəbbüsü ilə səkilərdə müasir tərtibatda panduslar qoyulacaq. Analoji pandusların yaxın vaxtlarda paytaxtın digər küçə və prospektlərində də qoyulmasına başlanılacaq.
Məlumat üçün bildiririk ki, “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda ümumilikdə 18 ədəd eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi nəzərdə tutulub. Bunlardan 5 ədədi nizamlanmayan, 13 ədədi isə svetoforla nizamlanan piyada keçidi olacaq. Nizamlanmayan piyada keçidlərində də piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sarı sayrışan işıqlar yerləşdiriləcək.
Eyni zamanda, layihə çərçivəsində qeyd edilən yollarda 8 ədəd avtobus dayanacaq məntəqəsi təşkil edilib. “Cib” tipli dayanacaq məntəqələrinə avtobusların rahat giriş-çıxışının təmin edilməsi məqsədilə normalara uyğun şəkildə inşa edilib.