Böyük Britaniyadan olan əmək müəllimi Ed Hyuces, keçmiş SSRİ-də istehsal olunan avtomobillərdən ibarət kolleksiya toplayıb. Onun qarajında sovet avtomobil sənayesinin klassik modelləri olan, ümumilikdə 16 avtomobil var.
Ed Hyuces kolleksiyanı 1991-ci ildən toplamağa başlayıb. Əldə etdiyi ilk avtomobil isə VAZ-2107 olub. Həmçinin o, VAZ-2101, VAZ-2102, VAZ-2103 və VAZ-2105 avtomobillərinə də sahibdir. Bundan başqa Ed Hyucesin kolleksiyasına 1972-ci ildə buraxılan “Moskviç-427”, “Zaporojets-968A” və sükanı sağ tərəfdə olan “Tavriya” avtomobilləri də daxildir.
Hazırda kolleksiyaçı “Volqa-21” avtomobilini əldə etməyi arzulayır. Kolleksiyaçı sovet avtomobillərinin uzunömürlü və etibarlı olduğunu hesab edir.
Bundan başqa, britaniyalının qarajında, bir vaxtlar Almaniya Demokratik Respublikasında istehsal edilən üç ədəd “Vartburq” və bir ədəd “Trabant” avtomobilləri də var. Retro avtomobillərin əksəriyyətinin ona qəpik-quruşa başa gəldiyini deyən Ed Hyuces, onları öz şəxsi imkanları hesabına bərpa etdiyini bildirib.
Bolton şəhərində anadan olan Ed Hyuces hazırda İngiltərənin Devonşir qraflığının əsas şəhəri olan Ekseter yaxınlığında yerləşən kənddəki orta məktəbdə əmək müəllimi olaraq çalışır.
Qeyd edək ki, Böyük Britaniyaya sovet, həmçinin Rusiya istehsalı olan avtomobillər 1974-cü ildən 1996-cı ilə qədər ixrac edilib.