Avtoreyd.Az Hadisə Yol polisinin saxladığı maşından mənşəyi bəlli olmayan ət tapıldı

Yol polisinin saxladığı maşından mənşəyi bəlli olmayan ət tapıldı


Daşkəsən rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları qayda pozuntusuna görə Gəncə şəhər sakini, 60 yaşlı Nafiq Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobili saxlayıb.

Baş təhqiqatçı Elmar Ələkbərovun dediyinə görə, yük yerindən gələn üfunətli qoxu polislərdə müəyyən şübhələr yaradıb. Əraziyə çağırılan əməliyyat qrupu mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb: “Avtomobilin yük yerində mənşəyi məlum olmayan ət olduğundan rayon polis şöbəsinin dayanacağına yerləşdirilib. Yük yerinə baxış keçirilən zaman hər birinin çəkisi 20 kq olan 50 qutu mənşəyi məlum olmayan ət aşkarlanıb”.

Ətlərə baxış keçirib müvafiq rəy alınması üçün əraziyə Daşkəsən rayon Baytarlıq İdarəsinin həkimləri cəlb olunub. Müəyyən edilib ki, heyvan cəsədləri rayonun Quşçu kəndi ərazisində fəaliyyət göstərən ət kəsimi sexindən götürülüb. Hüquq-mühafizə orqanları və baytar həkimləri sözügedən ünvana baxış keçirən zaman oradan 5 tondan çox mənşəyi məlum olmayan və iri buynuzlu mal-qaraya məxsus baş və ayaqlar, eləcə də heyvanların daxili orqanları aşkarlanıb.

Daşkəsən rayon Baytarlıq İdarəsinin rəis əvəzi Füzuli Nağıyev “Elba” MMC-nin emal fabrikinə baxış keçirildiyini söyləyib: “Baxış zamanı soyuducu anbardan 5680 kq mənşəyi və sağlamlığı barədə heç bir sənədi olmayan sümükdən ayrılan ətlər aşkarlanıb”.

Əməliyyat yolu ilə məlum olub ki, heyvanların baş və ayaq hissələri sonradan Kəmərqaya kəndi ərazisindəki zibil poliqonuna atılıb. Həmin poliqondan da xeyli sayda maddi sübut aşkarlanaraq götürülüb. Ətlərdən götürülən nümunələr isə Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=CfZcGUpuVfg

Related Post