Yusif Səfərov küçəsində daha bir hissəsində təmir işlərinə başlanılıb.
“Azəravtoyol” ASC-dən “AvtoReyd”ə verilən məlumata görə, bu dəfə Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1 250 m-lik hissəsində təmir işləri aparılır. Təmir işləri ilə əlaqədar sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yekunlaşmaq üzrədir. Daha sonra yolun asfaltlanması işlərinə başlanılacaq. Ümumilikdə küçənin 25 min kvadratmetr sahəsi asfaltlanacaq. Asfaltlanma işləri bitdikdən sonra yol-cizgi və yolgöstərici xətlər çəkiləcək, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə kifayət qədər qüvvə cəlb edib. Təmir işlərinin həftə sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.
Xatırladaq ki, bir müddət bundan öncə Yusif Səfərov küçəsinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Heydər Əliyev prospektinə qədər olan 1,2 km-lik hissəsi də təmir edilmişdi.
