Qaraçuxur qəsəbəsində bir gecədə 9 avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxslər saxlanılıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini Səbuhi Əliyev rayon polis idarəsinə müraciət edərək bildirib ki, fevralın 15-də yaşadığı ünvanın qarşısında saxladığı “Opel” markalı avtomobilin pəncərəsi sındırılaraq nəqliyyat vasitəsinin salonundan monitor, maqnitofon, 4 ədəd səsgücləndirici və elektrik tənzimləyicisi oğurlanıb. Elə həmin gün polis idarəsinə Qaraçuxur qəsəbəsində yaşayan daha 8 avtomobilin sürücüsü məlumat verərək nəqliyyat vasitələrindən akkumlyatorlar və pul oğurlandığını bildiriblər.
Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar – Rəşad Bayramlı və Rahim Hatəmzadə şübhəli şəxs qismində saxlanılıblar. Hər iki şəxs Qaraçuxur qəsəbəsində bir gecədə 9 nəqliyyat vasitəsindən oğurluq və oğurluğa cəhd etdiklərini etiraf ediblər.