Rusiyanın Çelyabinsk şəhər sakini, 15 yaşlı məktəbli Darya Juravlyova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Adıçəkilən “nüfuzlu” məktəbli sərxoş vəziyyətdə idarə etdiyi avtomobili Dövlət Yol Polisi müfəttişinin üzərinə sürsə də, başqa bir cinayətə görə – oğurluq etdiyi üçün cəzalandırılıb. Bəs görəsən kim və hansı səbəbdən məktəbli qızın bu cinayətini ört-basdır edib?
Bu il noyabrın 17-də səhər saat 6 radələrində Darya Juravlyova həmyaşıdı Sergeylə atasına məxsus “Mercedes-Benz E-Class” markalı avtomobillə şəhərə gəzintiyə çıxıb. Yol polisi maşının işıqlarının söndürüldüyünü görüncə Daryadan avtomobili saxlamasını tələb edib. Məktəbli isə avtomobili saxlamaq əvəzinə sürəti daha da artırıb və polisin üzərinə sürüb.
Yol polisi Anton Baranov 15 yaşlı Daryanın bu hərəkətindən çaş-baş qalıb. Maşının qəflətən onun üzərinə doğru hərəkət etdiyini polis əməkdaşı belə xatırlayır: “Zərbə hiss etdim, qaçmağa imkan tapmadım, bir də gördüm ki, yerə yıxılmışam”.
Hadisənin şahidi olan digər polis əməkdaşı Rəşid Sadıqov deyir ki, həmin gecə Anton Baranovla birgə növbədə olublar. Bu zaman qara rəngli avtomobili işıqları sönmüş vəziyyətdə idarə edən sükan arxasındakı gənc qız onların diqqətinə çəkib: “Mən dayanma əmri verdim, bir qədər sürəti azaltdı. Amma qəflətən qaza basdı və məlum hadisə baş verdi”.