Bu gün Dövlət Yol Polisi əməkdaşının yol hərəkəti haqda qanunu pozması ilə bağlı fakt qeyqdə alınıb. Bu barədə AvtoReyd.Az PrimeTime.Az saytına istinadən xəbər verir ki, hadisə Maştağa-Buzovna yolunda baş verib.
Sayta müraciət edən vətəndaş qeyd edib ki, səhər 09:15 radələrində Maştağa-Buzovna yolu ilə hərəkət edərkən yolun sağ tərəfində iki DYP avtomobili üz-üzə dayanıb. “Üzü hərəkət istiqamətində olan avtomobildə quraşdırılan “İ Patrul” avadanlığı avtomobilimi qeydə alıb. Onun yanında olan digər 99 YP 319 nömrə nişanlı DYP avtomobili qoşa xəttin tələbini pozaraq yolun əks istiqaməti ilə hərəkət etdi. Daha sonra isə avtobilini tərk edib və restorana daxil oldu”.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq. O, yaranan problemə belə aydınlıq gətirdi: “Avtonəqliyyat vasitəsində inspektorun olmaması o demək deyil ki, avtomobil nəzarətsizdir. Əgər maşında “İ patrul” sistemi qoşulu olubsa, o elə mövqedə dayanmalıdır ki, ətrafı görə bilsin. Həmin sistem 500 metr məsafədən 360 dərəcə görüntü bucağını qeydə ala bilir. Qaldı ki, maşınların orda dayanması məsələsinə, onlar da insandırlar. Təbii ki, yemək yeməlidirlər. DYP əməkdaşının yolun əks istiqamətində hərəkət etməsinə gəldikdə isə yol hərəkəti haqqında qanunun tələbinə əsasən, hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələri zərurət yarandıqda qanun pozuntusuna yol verirsə, bu yol veriləndir. Bir şərtlə ki, təhlükəsizlik tədbirləri həyata keçirilsin. Xüsusi təyinatlı avtonəqliyyat vasitələri dedikdə təcili yardım, polis, yanğın söndürənlər nəzərdə tutulur. Əgər qeyd edilən inspektor qoşa xətt və yolun əks istiqamətində hərəkət edərək qanun pozubsa, adi vətəndaşlar kimi cərimə olunur. Qayda pozan DYP əməkdaşlarının əməlləri saytlar vasitəsi ilə işıqlandırılmasa belə onlara bizim kameralarla nəzarət edən operatorlamız var. Bizim bütün hərəkətimiz qanunla tənzim olunur. Deyildiyi kimi əgər səhər yemiyi üçün xidmətdən ayrılıbsa, o bu haqda əvvəlcədən məlumat verir”.