Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Goranboy rayon sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Elcan Saday oğlunun idarə etdiyi “QAZ-3129” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və nəticədə yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb. Onun sərnişini, Goranboy rayon sakini, 1980-ci il təvəllüdlü Allahverdiyev Saday Əşrəf oğlu isə ağır xəsarət alıb. S. Allahverdiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, S. Allahverdiyev E. Allahverdiyevin atasıdır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.