Bu günlərdə Yol Patrul Xidməti haqqında yeni təlimatlar qüvvəyə mindi. Yeni təlimatlarda kifayət qədər maraq doğuran məqamlar var. APA TV-nin “Avtoclub” layihəsində yeni qaydalar ətraflı şəkildə izah edilib edilib, sürücülərə qaranlıq qalan məqamlara aydınlıq gətirilib.
Verilişin qonağı, hüquqşünas Ərşad Hüseynov bildirib ki, artıq bir aydır ki, DİN-nin kollegiyası tərəfindən yeni təlimat təsdiq olunub: “Əvvəlki təlimatla müqayisədə görürük ki, müəyyən yeniliklər var. Əsas hədəf də odur ki, bu xidmət daha aşkar, daha şəffaf olsun. Yol hərəkəti iştirakçılarının etimadı daha yüksək dərəcədə qazanılsın. Bu üsulla yol hərəkəti təhlükəsizliyi daha güvənli şəkildə təmin olunsun. Düşünürəm ki, kollegiyanın belə qərara gəlməsinin səbəbi odur ki, hər halda bu təcrübə araşdırılıb və müəyyən olunub ki, bu gizli xidmət, eləcə də qarışıq xidmət o dərəcədə gözlənilən effekti vermir. Gizli xidmətin yeganə təyinatı odur ki, qayda pozuntularını qeydə alsın. Gizli xidmət bundan başqa heç nəyə yaramır. Amma aşkar xidmətin mövcudluğu yəni xidməti formada DYP əməkdaşının piyada şəklində yolda olması və yaxud da patrul avtomobili və ya motosikletində vəzifəsini yerinə yetirməsinin özü artıq bir profilaktiki tədbirdir”.
Ərşad Hüseynov onu da vurğulayıb ki, gizli xidmət zamanı vəzifəsini yerinə yetirən əməkdaş formada və ya patrul avtomobilində deyilə, sürücünü müəyyən qayda pozuntularına görə saxlamaq hüququ yox idi” Əlbəttə, ağır cinayətlər törədilərdisə müdaxilə etmək haqqı var idi. Qanunvericilikdə əməliyyat-axtarış fəaliyyəti var, polisin ümumi fəaliyyətini tənzimləyən maddələr var. Aşkarlığı artırmaq üçün DYP-nin xidmətinin təşkilində aşkar üsullar nəzərdə tutulur. Bu da o deməkdir ki, xidmət yalnız xüsusi rəng qrafikası olan, qanunvericiliyə, standarta uyğun olaraq işarələnmiş patrul avtomobillərində və ya motosik letlərində aparıla bilər”.
Nəqliyyat vasitələrinin nəzarət zamanı dayandırılması ilə bağlı müəyyən yeniliklərə toxunan Ərşad Hüseynov qeyd edib ki, hazırda birbaşa göstəriş var ki, yalnız yol hərəkəti haqqında qanunun 85-ci maddəsində göstərilən hallarda hərəkətdə olan avtomobil dayandırılsın: “Burada söhbət ondan gedir ki, nəqliyyat vasitəsini idarə edən sürücü yol hərəkəti qaydalarını pozub və ya pozulması haqda radiocihaz vasitəsi ilə DYP əməkdaşına məlumat gəlib. Onun texniki vəziyyətində nasazlıq aşkar olunub, yük dağılıb, hansısa bir hərəkətinin şəraitə uyğun olmadığı müəyyən edilib, saxlanılması barədə sistemdə qərar var, avtomobil axtarırşdadır və s. Səbəb olmadan da, hansısa profilaktik tədbirlə bağlı sənədləri yoxlamaq məqsədi ilə avtomobilləri yalnız DYP-nin stasionar postlarında saxlamaq olar”.