Yol hərəkəti qaydalarını bilmək hər bir piyadanın borcudur. Bəs bunun üçün nə etmək lazımdır? Piyada necə maariflənməlidir. Bəlkə elə bu proses məktəb dövründən başlanmalıdır? “Yol hərəkət qaydaları fənn kimi tədris olunmalıdırmı?”
APA-TV-nin “Avtoklub” layihəsində bu məsələyə ətraflı şəkildə aydınlıq gətirilib.
2010-cu ildən məktəblərdə çoxsaylı maarifləndirmə proqramları həyata keçirdiklərini söyləyən yol hərəkəti üzrə ekspert Azər Allahverənov, 5-6 il öncə apardıqları monitorinqlərdə “Həyat bilgisi” adlandırılan tədris vəsaitində yol hərəkət qaydaları ilə bağlı müəyyən informasiyanın təqdim edilməsinə baxmayaraq, reallıqda bu sahədə işlərin zəif həyata keçirildiyini bildirib. Bunun obyektiv və subyektiv səbəblərdən asılı olduğunu qeyd edən ekspert, yol hərəkət qaydaları haqda məlumatların məktəblilərə olduqca peşəkar səviyyədə çatdırılmalı olduğunu vurğulayıb. Azər Allahverənov bəzi hallarda bu mövzuda olan məlumatların şagirdlərə çatdırılmasında müəllimlərin heç özünün belə hazırlıqlı olmadığını söyləyib. “Təəssüf olsun ki, bu informasiyanı peşəkar səviyyədə çatdıra biləcək müəllimlər yox səviyyəsindədir. Baxmayaraq ki, bizim təlimlərə müəllimlər də cəlb edilir, hətta öz biliklərini bu sahədə artırmağa da müvəffəq olurlar, sadəcə bu şəxslər olduqca azlıq təşkil edir”.
Ekspert Bakıdakı yüzlərlə məktəbdən yalnız bir müəllim cəlb etməklə, bütün ibtidai sinifləri əhatə edə bilmədiklərini söyləyib, həmçinin onu da vurğulayıb ki, bu işə bəzi müəllimlər fərqli yanaşır. Belə ki, həmin müəllimlərin bu sahə üzrə öyrəndiklərini tədris etmələri üçün əllərindən gələni etdiklərini deyən Azər Allahverənov, bəzi məktəblərdə şagirdlərə məlumatların çatdırılması məqsədi ilə yol hərəkəti qaydalarına aid guşələrin yaradıldığını bildirib. O, qeyd edib ki, həmin müəllimlər maarifləndirmə xarakterli vəsaitlərin hazırlanmasında və məktəblilərə çatdırılmasında da yaxından iştirak edirlər: “Amma istənilən halda yol hərəkət qaydaları ilə bağlı fənn, orta ümumtəhsil məktəblərində xüsusi formada tədris olunmalıdır. Xüsusilə də ibtidai siniflərdə. Bu məsələ ilə bağlı müvafiq qurumlara da müraciət olunub, yenə də bu sahə üzrə maarifləndirmə işlərini davam etdirilir. Maarifləndirmə hədəfli şəkildə aparılmalıdır. Amma bəzi hallarda maarifləndirmə tək uşaqlarla yox, müəllimlərlə də aparılmalıdır. Hətta övladını məktəbə gətirən valideynlərlə də. Yəni məktəblə bağlı hər bir şəxslə hədəfli şəkildə bu sahə üzrə maarifləndirmə işləri aparılmalıdır”.
QHT-lərə Dövlət Dəstəyi Şurasının köməyi ilə yol təhlükəsizlik pasportu adlandırılan metodiki tövsiyə hazırladıqlarını deyən ekspert, bunun üçün 10 pilot rayonda 10 məktəb seçdiklərini və onlarla bağlı ümumi vəziyyəti öyrənməyə çalışdıqlarını bildirib. Yol təhlükəsizlik pasportunun Azərbaycan üçün yenilik olduğunu və onun hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunduğunu deyən ekspert Azər Allahverənov, bu sxematik sənədin yüzlərlə məktəbdə paylanmasında əsas məqsədin, hər bir məktəbin özünün yol təhlükəsizlik pasportunu hazırlamasının nəzərdə tutulmasıdır. İbtidai sinif şagirdləri bukletdə onlar üçün nəzərdə tutulan yol hərəkət qaydaları ilə tanış olurlar.
Son illər yol qəzalarının statistik göstəricilərində müəyyən fərqlərin olduğunu, aparılan maarifləndirmə işləri ilə izah edən ekspert Azər Allahverənov, xoşagəlməz nəticələrin qarşısını cərimələrin məbləğinin artırılmasından daha çox maarifləndirmə yolu ilə alına biləcəyini qeyd edib: “Bu işləri hədəfli şəkildə aparmaq lazımdır. Amma bunun üçün ilk öncə məktəblərdən başlanılmalıdır. Çünki uşaqlar əhalinin potensial risk qrupuna daxildir”
Azər Allahverənov, yol hərəkət qaydalarının müəyyən bir fəsil kimi deyil, hətta həftə ərzində bir neçə dəfə tədris ediləcək bir fənn kimi olmasını təklif edib. O, bu sahə üzrə biliklərin nəinki ibtidai, eyni zamanda yuxarı siniflərdə də öyrənilməli olduğunu vurğulayıb.
Ekspert həmçinin vurğulayıb ki, əslində bu haqda bəzi dərs planlarında material var, lakin tədris olunmur. Həmin saat digər fənlərlə əvəz edilir. Məktəbdən bu addımı yol hərəkət qaydalarının tədris edilməsini çatdıra bilməmələri və ya həmin sinfi digər fəndən gücləndirmək məqsədi ilə atdıqlarını izah edirlər. Azər Allahverənovun sözlərinə görə, hər hansı bir fənnin tədrisi məktəblinin biliyinin artırılması ilə bağlıdırsa, yol hərəkəti qaydalarının öyrədilməsi şagirdin həyatının təhlükəsizliyi deməkdir. O bildirib ki, müvafiq icra qurumları həftədə bir dəfə tədris edilən yol hərəkəti qaydaları ilə bağlı dərslərə nəzarəti bir qədər də gücləndirməlidirlər: “Yol hərəkət qaydalarının tədrisi və bu haqda məlumatların çatdırılması sinif və ya auditoriya ilə məhdudlaşdırılmamalıdır. Müxtəlif mövzuları işıqlandırdığı, müəyyən informasiyaları çatdırdığı kimi televiziyalar, yol hərəkəti qaydalarının təbliğinə, insanların bu istiqamətdə maarifləndirilməsinə də yer ayırmalıdırlar”.