İsveçin cənub-qərbində yol-nəqliyyat hadisəsi baş verib. Məktəbliləri dağlara istirahətə aparan avtobus çevrilib.
“Avtoreyd.az”-ın xarici KİV-lərə istinadən verdiyi məlimata əsasən qəza bazar günü səhər saatlarında Sveq şəhərinin 20 kilometrliyində E45 yolunda Xeryedalen əyalətində baş verib. Uşaqlarla dolu avtobus qəfil yoldan çıxaraq yol kənarındakı xəndəyə düşüb. Yol-nəqliyyat hadisəsinin səbəbi məlum deyil.
Ərazidə çalışan xilasetmə xidmətinin əməkdaşları isə qeyd ediblər ki, yol buzlu və ya qarlı olmayıb.
Avtobus İsveçin qərb bölgəsindəki Mars adlanan məkandan dağ-xizək kurortuna doğru hərəkət edirmiş.
Nəqliyyat vasitəsində 59 nəfər olub: 52 məktəbli, 6 nəfər böyük şəxs və sürücü. Qəza zamanı onların əksəriyyəti yuxuda olub.
Zərərçəkənlər təcili yardım avtomobilləri və helikopterlər vasitəsi ilə hadisə yerinin yaxınlığında yerləşən Estersund, Mur və Falun şəhərlərinin xəstəxanalarına çatdırılıblar. Xilasedicilərin sözlərinə görə, hadisə yerində xaos hökm sürüb. Region xəstəxanaları gücləndirilmiş iş rejiminə keçib, vilayət administrasiyası isə xilasetmə işlərinə əlavə resurslar səfərbər edib.
Xilasetmə xidmətinin nümayəndəsi Peter Nyustedtin verdiyi məlumata əsasən sərnişinlər müxtəlif dərəcəli travmalar alıblar: əl-ayaq sınıqları, baş nahiyəsindən travmalar, qanaxmalar. Sərnişinlərin çoxu şokda olub. Yol-nəqliyyat hadisəsinin yerində zərərçəkənlərə yardım məqsədi ilə sanitar çadırlar salınıb.
Bununla belə, xilasedicilər, həkimlərdən fərqli olaraq, 30 nəfər xəsarət alan uşaq haqqında danışırlar.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı reaksiya verən İsveçin baş naziri Stefan Lyoven bunları söyləyib: “Mən Sveq şəhəri yaxınlığındakı qorxunc avtobus qəzası haqqında xəbəri aldım. O məni və bütün ölkəni qəmə bürüyüb”.