Mədəni Turizm

Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

AvtoReyd.Az  Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən  Aprelin 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilən tədbir keçirildi.

Tədbir çərçivəsində qonaqlar əvvəlcə Azərbaycan-ABŞ əlaqələrini əks etdirən sərgi ilə tanış oldular.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkələrimizin diplomatik əlaqələrinin qurulmasının tarixindən danışdı. O, ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi ötən 25 il ərzində ölkəmizin yanında olduğunu bildirdi. Vurğulandı ki, keçən müddət ərzində altı min azərbaycanlı müxtəlif proqramlar çərçivəsində ABŞ-da təhsil alıb. Amerikalı müəllimlər Azərbaycanda müxtəlif təhsil müəssisələrində fəaliyyət göstəriblər. ABŞ-ın sülh korpusunun 600 könüllüsü Azərbaycanda ingilis dilinin tədrisində iştirak edib. Bundan başqa, amerikalı və azərbaycanlı hərbçilər dünyanın müxtəlif qaynar nöqtələrində birgə xidmət ediblər.

Robert Sekuta həmçinin əlavə etdi ki, Vaşinqton enerji resurslarının şaxələndirilməsində həmişə Azərbaycanı dəstəkləyib. O, Azərbaycanla enerji layihələri üzrə daimi məsləhətləşmələrin aparıldığını, bu layihələrin Avropanın enerji təhlükəsizliyi üçün vacib olduğunu diqqətə çatdırdı.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan hökuməti adından təbriklərini çatdırdı. Bildirdi ki, ötən müddət ərzində Azərbaycanla ABŞ etibarlı tərəfdaşlar kimi bir çox sahələrdə sıx əməkdaşlıq ediblər: “Azərbaycan və ABŞ rəhbərləri arasında aparılan mütəmadi müzakirələri, Birləşmiş Ştatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq, bu etibarlı tərəfdaşlığın necə önəm daşıdığını söyləyə bilərik. Biz bu problemin həlli prosesinin sürətləndirilməsini və uğurla nəticələnməsini səbirsizliklə gözləyirik”.

Nazir Azərbaycan ilə ABŞ arasında humanitar sahədə də uğurlu əməkdaşlığın olduğunu diqqətə çatdırdı. O, ikitərəfli əlaqələrin gələcəkdə turizm sahəsində də inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Tədbir konsert proqramı ilə davam etdi.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again