Avtoreyd.az bildirir ki, Amerikanın Texas ştatının Alto şəhər sakini, mağazanın qarət edilməsində şübhəli bilinərək saxlanıldıqdan sonra qolundakı qandalları açaraq, polis maşınını qaçırıb. Hadisənin əks olunduğu video yerli polisin Youtube kanalındakı hesabında yerləşdirilib.
33 yaşlı Toşa Sponslerin qolları polis tərəfindən qandallandıqdan və avtomobilə əyləşdirilərək təhlükəsizlik kəməri bərkidildikdən sonra qadın qandallardan azad olaraq, sürücü oturacağına keçib, avtomobili işə salıb və hadisə yerindən qaçmağa çalışıb.
Bu zaman isə polislər küçədə onun əşyalarını gözdən keçirirlərmiş.
Tezliklə Sponslerin arxasınca təqib başlanıb. Təqib saatda təxminən 160 km sürətlə həyata keçirilib. Bir müddət sonra idarə etməni itirən 33 yaşlı qadının olduğu avtomobil yoldan çıxaraq, ağaca çırpılıb.
Toşa Sponsler təkrar saxlanılıb və ona qarşı yeni ittihamlar irəli sürülüb: qaçış, nəqliyyat vasitəsindən icazəsiz istifadə, narkotik saxlanılması, həbs zamanı polisə hücum və müqavimət göstərilməsi.