Mədəni Turizm

Gənc Tamaşaçılar Teatrı “Keyeda” və “Mariya” Beynəlxalq Teatr Festivallarında iştirak edir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) kollektivi  Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edir.

Teatrın Mətbuat xidmətindən AvtoReyd.Aza verilən məlumata görə, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 5-ə dək keçiriləcək Beynəlxalq Festivalda ölkəmiz ADGTT-nin hazırladığı A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil olunur.

Tamaşanın quruluşçu rejissoru xalq artisti  Ağaxan Salmanlıdır.

Tamaşada əsas rolları aktrisalar — Günel Məmmədova, Aygün Fətullayeva, aktyorlar — Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Elşən Şıxəliyev və xalq artisti Ağaxan Salmanlı ifa edəcəklər.

Festivalın münsiflər heyətinin tərkibi Rusiyadan, Qazaxstandan və digər ölkələrdən dəvət edilmiş tanınmış teatr mütəxəssislərindən ibarətdir.

Teatrın digər bir qrupu isə oktyabr ayının 3-dən 9-dək Ukrayna Respublikasının Kiyev şəhərində keçiriləcək “Mariya” adlı Beynəlxalq Mono Tamaşalar Festivalında iştirak etmək üçün bu gün Kiyev şəhərinə yola düşüb.

Sözügedən festivalda ölkəmiz P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil olunacaq.

Tamaşada ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar artisti Şövqi Hüseynov çıxış edir.

Festivalda ölkəmizlə bərabər Polşadan, İspaniyadan, Ukraynadan, Slovakiyadan, Böyük Britaniyadan və Türkiyədən olan peşəkar teatrlar da iştirak edir.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again