Bakıda minik avtomobili ilə sərnişin avtobusu toqquşub.
AvtoReyd.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda, Lökbatan qəsəbəsində, “Sədərək” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
“Dewoo” markalı avtobusla “Opel” markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 1964-cü il təvəllüdlü Məmmədov Sabir, 1986-cı il təvəllüdlü Nəcəfov Elşad, 1979-cu il təvəllüdlü Fuadov Rəşid və 1970-ci il təvəllüdlü Məmmədov Vüqar ağır xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Əraziyə yol polisi əməkdaşları cəlb edilib.
Minik avtomobili deformasiyaya uğradığından cərimə meydançasına aparılıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

